Azərbaycan Dövlət Neft Akademiyasında baş verən kütləvi qətldən 4 il ötür
30 Aprel 2013 11:02 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, 2009-cu il
aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227
saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin
inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək
qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması
nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun
Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu
olduğu müəyyən edilib.
Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili
İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu
yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla
əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub.
Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan
vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin
materiallarına görə, Neft Akademiyasında terror aktının
törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 6 mart
1951-ci ildə Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan
olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq
axtarış elan olunub.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində
olan hissəsinə xitam verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il
tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev,
Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il
müddətinə azadlıqdan məhrum edilib.