Problemli kreditlər kiçik bankları çökdürür
30 Aprel 2013 14:30 (UTC+04:00)
Məlumdur ki, bank fəaliyyətində daim gündəmdə olan məsələlərdən
biri də problemli kreditlərin həcmi ilə bağlıdır.Amma bu gün demək
olar, elə bir bank yoxdur ki, problemli müştərisi olmasın. Çünki,
kredit verilərkən bank mütəxəssisləri tərəfindən müştərinin maliyyə
vəziyyətinin düzgün qiymətləndirilməməsi sonradan kredit
təşkilatlarını bir çox belə problemlərlə üz-üzə qoyur. Götürülən
kredit məbləği borcalanlar tərəfindən geri qaytarılmır, aylıq
kredit ödənişləri gecikdirilir, yaxud kredit borcları yığılır və
son nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb
olur. Problemli kreditlərin hətta müəyyən bankları ifalasa uğrada
biləcəyi də vurğulanır. Bu cür açıqlama ilə Beynəlxalq Bankının
İdarə Heyətinin sədri Cahangir Hacıyev çıxış edib. Onun sözlərinə
görə, problemli kreditlərin banklara təsiri onların həcmindən
asılıdır: "Sözsüz ki, bu, xırda bankların iflasına gətirə
bilər".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı
ekspert Ruslan Atakişiyev bildirir ki, problemli kreditlər dedikdə
vaxtı keçmiş kreditlər nəzərədə tutulur: "2013 – cü il yanvar
ayının 1- nə olan məlumatına əsasən, ölkə üzrə 12 milyard 720
milyon manat məbləğində kredit verilib. Bunun da 748 milyon manatı
problemli kreditlərdir. Problemli kreditlərin olmasının əsas səbəbi
onların əksər hissəsinin gecikmələridir. Lakin bu gecikmələr də
müəyyən müddətdən sonra ödənildiyinə görə çox vaxtı problemli
vəsaitlər sayılmır. Azərbaycanda problemli kreditlər kredit
bazarının 10 % miqdarında olarsa, bunu artıq təhlükə kimi qeyd
etmək olar. Amma bu gün Azərbaycanda problemli kreditlərin həcmi
ümumi kreditlərin 6 % - i olduğuna görə hələlik qorxulu səviyyədə
hesab olunmur. Bunun ildən – ilə artması da verilən kreditlərin
həcmi ilə bağlıdır. Əsas məsələ risklərin idarə olunmasıdır. Bank
vəsait verməkdə maraqlı olur. Vəsait də çox təqdim edildikcə,
problemli kreditlər də önə çıxacaq. Ancaq bu gün vəsaitlərin idarə
olunmasındakı risklərin azaldılması istiqamətində bir sıra işlər
aparılır. Mərkəzi Bankın göstərişi əsasında, banklara cəlb olunmuş
vəsaitlərin həmişə müəyyən bir hissəsi ehtiyatda saxlanılır. Bundan
əlavə, bankların özlərinin nəzdində də ehtiyat fondu yaradılır.
Kreditlərin verilməsində hansısa problemlər baş verərsə də, onların
bağlanmasında bu vəsaitlərdən istifadə olunur. Həmçinin bütün
dünyada olduğu kimi Mərkəzi Bank bank sektorunun stabil
fəaliyyətinin tənzimləməsini həyata keçirməkdədir. Bu gün
Azərbaycanda bankların bəziləri likvidlik, borcların idarə olunması
məsələlərində müəyyən problemlərlə üzləşirlər. Amma Mərkəzi Bank
hansısa bir bankda çətinlik yarandığı zaman müəyyən faiz
çərçivəsində həmin banka kreditlər təqdim edir. Bir növ Mərkəzi
Bank bir dayanıqlıq rolunu oynayır. Ona görə də problemli kreditlər
nəticəsində hansısa bankda böhran yaranmasını qiymətləndirmək bir
az çətindir. Amma dünya təcrübəsində "stress testing" adında ölçü
proqramı var. Bu, virtual şəkildə bank sektorunda baş verə biləcək
böhranlarla bağlı yaradılıb. Onun nəticəsində bankın mövcud
vəziyyəti qiymətləndirilir. Azərbaycanda Mərkəzi Bankda da bununla
bağlı tədqiqatlar aparılır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimovanın
sözlərinə görə, problemli kreditlərin artmasında əsas səbəblərdən
biri, bəzi bankların qısa müddət ərzində çox pul qazanmaq istəyidir
ki, nəticədə bankların təklif etdikləri kreditlərin faiz dərəcələri
yüksək olur: "Belə ki, Avropa və Amerikada istehlak kreditləri
birrəqəmli faizlə verilir. Azərbaycanda isə istehlak kreditləri
22-30% ilə verilir. Digər bir məsələ isə borcalanın maliyyə
resurslarının dəqiq araşdırılmaması və ya girov əsası möhkəm
olmadığı halda böyük məbləğdə pul kreditlərinin verilməsidir. Bu
isə nəticə etibarilə müştərinin krediti vaxtında ödəyə bilməməsinə,
sonuncu hal isə öz növbəsində kredit faizlərinin üst-üstə
yığılmasına səbəb olur. Nəticədə müştəri krediti ümumiyyətlə, ödəmə
qabiliyyətində olmur və beləliklə, problemli kreditlərin həcmi
getdikcə artır. Problemli kreditlərin də təsiri, ilk növbədə kiçik
banklara ola bilər. Çünki onların bank aktivləri az olur".
Ekspertin sözlərinə görə, problemli kreditlər həcmi bank
aktivlərindən 3% çox olduqda təhlükəli hesab olunur: "Bu zaman
banklar kollektor agentliklərin xidmətindən istifadə edir. Belə ki,
problemli kreditlərin həcmi böyüyür, bankların isə vaxt baxımından
kreditləri yığmaq imkanı olmur. Kollektor agentliklər isə müəyyən
faiz müqabilində kreditlərin geri qaytarılması ilə məşğuldur.
Azərbaycanda belə agentlik yeni yaranıb, lakin hələlik onun
fəaliyyətini tənzimləyəcək hər hansı qanunvericilik aktı müvcud
deyil".
Nərmin İbrahimova onu da qeyd etdi ki, problemli kreditlərin
həcminin artmaması üçün, ilk növbədə banklar düzgün kredit siyasəti
həyata keçirməlidir: "Azərbaycanda bank faizləri sünidir. Bu
faizlər real bank sektorunun müəyyən etdiyi bank faizi deyil.
Problemli kreditlərin qarşısını almaq üçün süni bank faizləri ilə
mübarizə aparmaq lazımdır. Bunun üçün borcalanaların hüquqlarını
müəyyənləşdirən və qoruyan qanunvericilik aktı müəyyən
edilməlidir".