Radikal müxalifət yenə qarşıdurmaya can atır
30 Aprel 2013 14:40 (UTC+04:00)
Məlumdur ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi aprelin 28-də
Bakının üç yerindən birində ("Təbriz" kinoteatrının qarşısındakı
meydan, metronun "Dərnəgül" stansiyasının çıxışındakı dəmiryolu
deposu yaxınlığında yerləşən meydan və 20 Yanvar küçəsi, 4-cü
mikrorayondakı məhəllə stadionu) mitinq keçirməklə bağlı Bakı Şəhər
İcra Hakimiyyətinə (BŞİH) müraciət ünvanlamışdı. Amma BŞİH Məşvərət
Məclisinin müraciətində qeyd olunan yerlərdə mitinq keçirilməsini
məsləhət bilməyib. Meriya mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış
sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin
həyətindəki meydançanı təklif edib. Məşvərət Məclisi isə təklifi
qəbul etməyib. Sonradan Məşvərət Məclisində razılaşdırılmamış
aksiya məsələsi geniş müzakirə edilib və qərara alınıb ki, hazırkı
şəraitdə qarşıdurma yaranmaması üçün razılaşdırılmamış mitinq
keçirilməsin. Ancaq yaxın gələcəkdə icazəsiz də olsa, kütləvi
aksiya keçiriləcəyi nəzərdə tutulub. Xatırladaq ki, bu kimi hallar,
icazəsiz aksiyalar son vaxtlar radikal müxalifətin timasalında çox
görürük. Amma onların şəhərin qaynar yerlərini seçməsinin məqsədi
də aydındır. Belə yerlərdə mitinqin daha izdihamlı görünür. Çünki,
dəfələrlə 20 – ci sahədə təşkil etdikləri aksiyada tərəfdaşlarının
azlığı ilə yadda qalıblar.
Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin
Mirzəbəylinin sözlərinə görə, onlar keçiriləcək mitinqin öncədən
fiaskoya uğrayacağında ehtiyatlanırlar: "Məqsədyönlü şəkildə elə
məkanlar seçirlər ki, həmin yerə BŞİH tərəfindən rəsmi icazə
verilməsin. BŞİH bir müəddət öncə aksiyaların keçirilməsi üçün
müvafiq yerlər müəyyənləşdirib. Bu yerlər artıq bütün siyasi
qüvvələrə bəllidir. Lakin radikal müxalifət hər dəfə həmin yerləri
nəzərə almır. Fərqli istiqamətlərdə müraciətlər edirlər. Bundan
öncə qeyd olunan 20 – ci sahədə bir neçə dəfə radikal müxalifət
qüvvələri aksiya keçiriblər. Amma həmin aksiyalara gələn insanların
sayı bir neçə yüz nəfərdən çox olmayıb. Bu baxımdan da növbəti dəfə
eyni nəticənin baş verəcəyini gözlədikləri üçün məqsədyönlü şəkildə
əhalinin sıx olan yerlərində aksiya keçirməyə çalışırlar. Guya ki,
həmin ərazidə yaşayan, gəzintiyə çıxan, çalışan insanlar da aksiya
iştirakçısıdır. Əslində, bu, say çoxluğunu artırmaq üçün məqsədli
şəkildə atılan addımlardır. Ancaq etiraz aksiyalarının insanların
kütləvi olduğu yerlərdə keçirilməsi ciddi problemlərə yol aça
bilər. Odur ki, belə aksiyalara yol verilməməlidir".
Sədr müavini onu da əlavə etdi ki, qeyri – qanuni aksiyaların
keçirilməsində digər məqsəd, həm də qarşıdurma yaratmaqdan
ibarətdir: "Başqa bir məqsəd də ondan ibarətdir ki, qanunsuz aksiya
keçirilərsə, polis öz işini yerinə yetirərək bunun qarşısını
alacaq. Təbii ki, onlar da bundan istifadə edərək, guya
Azərbaycanda söz və fikir azadlığına, sərbəst toplaşmaq hüququna
mənfi münasibət var. Bunu da bəyan etmək üçün foto, video çəkərək
yayacaqlar. Bundan öz maraqları üçün sui – istifadə edəcəklər".