Bakcell şirkəti Milli KSM mükafatına layiq görülüb

30 Yanvar 2019 14:00 (UTC+04:00)

Bakı Konqres Mərkəzində ölkəmizdə ilk dəfə olaraq təşkil olunan Milli KSM Mükafatı 2018 müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Movqe.az xəbər verir ki, tədbirdə çıxış edənlər bildiriblər ki, layihənin əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı keçirilən Korporativ Sosial Məsuliyyət (KSM) üzrə ümumrespublika müsabiqəsininə layihələrin qəbulu 01 oktyabr - 30 noyabr 2018-ci il tarixinədək aparılıb.

Həmin müddət ərzində təhsil, bank, səhiyyə, mobil oprerator və sığorta sahəsində fəaliyyət göstərən 30-dan artıq şirkət son iki ildə həyata keçirdikləri layihələri müsabiqəyə təqdim edib.

Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komisiya tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirmə edilmiş və 10-a yaxın layihə müsabiqədə qalib elan edililib.

Qaliblər arasında Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti də olub. Şirkət "Gənc sahibkarlara dəstək" üzrə ilin layihəsinin qalibi elan edilib. Mükafat  Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərovaya təqdim edilib.