İqlim dəyişikliyindən hər il 250 min insan ölə bilər

3 Fevral 2019 17:19 (UTC+04:00)

İqlim dəyişikliyi səbəbindən hər il 250 mindən artıq insan ölə bilər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə "The New England Journal of Medicine" jurnalında dərc olunmuş yeni araşdırmada bildirilir.

Araşdırmada qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2014-cü ildə iqlim dəyişikliyinin qorxunc fəsadlarını açıqlayıb: 2013-2050-ci illərdə hər il 250-mindən çox insan həyatını itirəcək. Ölümlərin əsas səbəbi qlobal istiləşmənin fəsadları olan aclıq, istidən yaranan stress və malyariya epidemiyası olacaq.

Lakin araşdırmada qeyd olunur ki, ÜST ekstremal hava şəraitinin və iqlim şərtlərinin səbəb olacağı xəstəlikləri və ölüm hallarını nəzərə almayıb.

Bundan başqa, Dünya Bankının proqnozlarına görə, iqlim dəyişiklikləri 2030-cu ildə 100 milyondan çox insanı hədsiz yoxsulluq həddinə çatdıracaq. Nəticədə onlar iqlim dəyişiklikləri qarşısında daha çarəsiz durumda qalacaqlar.

"İqlim dəyişikliyi travmalara, xəstəliklərə və ölümlərə gətirib çıxaracaq", - deyə ekspertlər hesab edir.