Bərdədə iki uşağını atan qadının qardaşından şok açıqlama- Ona görə kənddə başımız aşağıdır-EKSKLÜZİV

4 Fevral 2019 11:29 (UTC+04:00)

Movqe.az saytı dünən Bərdə rayonunda “Qızıltac” şadlıq sarayının yanında iki körpəsini (8 aylıq, digəri isə 2 yaşında) atan Osmanova Yeganə Məhəmməd qızının Qazax rayonunun Kəmərli kəndində yaşayan ailəsi ilə əlaqə saxlayıb.Saytımıza danışan Yeganə Osmanovanın qardaşı Ülvi Osmanov bildirib ki, artıq neçə illərdir bacısı ilə ailələrinin əlaqəsi yoxdur: “Bacım qonşu kəndin sakini ilə ailə qurmuşdu. Birinci ailəsindən ayrıldı. Bu nikahdan uşağı olmadı. Ondan sonra bir müddət evimizdə qaldı.  Daha sonra xeyli məbləğdə pul oğurlayaraq Bakıya qaçdı. Mən onu axtarıb evimizə qaytarmaq üçün Bakıda gəzib –dolaşmadığım yer qalmadı. Amma tapa bilmədim. Sorağını müxtəlif kafe-barlardan verdilər. İllərdir ki, bizimlə əlaqə saxlamır. Onun uşaqlarının olduğu xəbərini də indi öyrənirik. Bu məlumat bizim üçün çox sarsıdıcı xəbər oldu. Onun nə vaxt ailə qurduğu, nə vaxt uşaq dünyaya gətirdiyini bilmirik”.
Ü. Osmanov söyləyib ki, bacısının 35 yaşı var: “ 10-12 il olar ki, o ailəmizlə əlaqəni tamamilə kəsib. Kənddə ona görə başımız aşağıdır. Allahdan istəyirik ki, onu bir maşın vursun, bu biyabırçılıqdan canımız qurtarsın. O uşaqların varlığından belə biz xəbərsizik”.
Qeyd edək ki, uşaqlar hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onun uşaqları hansı səbəbdən atdığı, uşaqların atasının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.  Hazırda Bərdə rayon Polis İdarəsinin əməkdaşları da hadisənin səbəblərini araşdırırlar.

Zülfiyyə QULUYEVA