Zəbt edilmiş ərazilərin qaytarılmasına start verilir…

5 Fevral 2019 08:00 (UTC+04:00)

Azərbaycan son 15 ildə Ermənistanı beynəlxalq layihələrdə iştirakdan kənarlaşdırmağa və faktiki olaraq, xarici dünyadan təcrid etməyi bacarıb. Ermənistanda belə bir vəziyyətin yaranmasının səbəbini isə bütün dünya, o cümlədən ermənilərin özləri də  gözəl bilir. Nə qədər ki, Ermənistan işğal siyasətini davam etdirəcək, düşmən ölkə bölgədə həyata keçiriləcək bütün qlobal və regional əhəmiyyətli layihələrdən kənarda qalmaqda davam edəcək.

İndilikdə faktdır ki, Ermənistan bu gün olduqca acınacaqlı durumdadır. Ölkənin iqtisadi cəhətdən inkişaf etməməsi əhalini kütləvi şəkildə xaricə köç etməyə vadar edir. Mühüm beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qalmaqla Ermənistanın durumu daha da pisləşir.  Belə durumda fiikrlər səslənir ki, Azərbaycanın təcrid siyastinə dözməyən Ermənistan bu il zəbt edilən əraziləri tədricən qaytarmağa başlayacaq.

Qeyd edək ki, son dövrlər cərəyan edən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həlli  ətrafında proseslərin intensivləşə biləcəyini iddia etməyə müəyyən dərəcədə əsaslar yaradıb. Belə ki, əvvəlki illərlə müqayisədə ATƏT-in Minsk qrupunun ABŞ və Rusiyadan olan həmsədrləri problemin həllinə daha ciddi şəkildə diqqət ayırdıqlarını nümayiş etdirirlər. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun keçən ilin oktyabrında Cənubi Qafqaz ölkələrinə olan səfərləri və verdiyi açıqlamalar konfliktin həllinə olan ümidləri müəyyən dərəcədə artırıb. Artıq ermənilər arasında da ağlı başında olanlar anlayır ki, mövcud vəziyyətdə, işğal prosesi davam etdirildikcə, Ermənistan tam olara uçuruma düşməyə məhkumdur.

MDHP-nin sədr müavini, politoloq Elşən Mirzəoğlu bildirdi ki, Azərbaycanın yürütdüyü xarici siyasət, dünya güclərilə qurduğu əlaqələr və Ermənisanın təcrid siyasətinin daha da kəskinləşməsi nəhayət İrəvanı problemin beynəlxalq prinsiplər əsasında həllinə gəlməyə vadar edəcək: “Nikol Paşinyan iqtidarı reallığı qiymətləndirməyi bacarırsa, Qarabağ probleminin həlli üzrə danışıqlarda təbii ki, güzəştə getməlidir. Çünki, güzəştə getməyəcəyi təqdirdə, Ermənistanın bundan sonra da bölgə ilə bağlı məlum gosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən layihələrdən kənarda qalmaqda davam edəcəyi birmənalıdır.

İkinci bir tərəfdən, Paşinyan iqtidarının Rusiya ilə bağlı münasibətlərində yaranan gərginlik davam edir. Paşinyanın qərbpərəst siyasəti təbii ki, Rusiyada müəyyən qıcıq yaradıb. Onun Moskvaya olan son səfəri zamanı Vladimir Putin tərəfindən qəbul olunmaması, Kremldəki bir sıra rəsmilər tərəfindən yeni erməni hökumətinə münasibətdə səslənən fikirlər onu deməyə əsas verir ki, Rusiyanın Paşinyana təzyiq edəcəyi ehtimalı böyükdür. Digər tərəfdən, bölgənin  lider dövləti olaraq Azərbaycanın qəbul edilməsi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun cənab Prezident İlham Əliyevə etdiyi zəngdən sonra məlum olur ki, əslində, Vaşinqtonun özü də problemin Azərbaycanın ərazi bütövlüyü istiqamətində həllilə bağlı Ermənistana yönəlik tövsiyyələrini artırır. Burada da söhbət qarşılıqlı güzəştlərdən gedə bilər. Ancaq bir məsələ var ki, Pşainyanın bu günlərdə verdiyi bəzi açıqlamalar küçə nümayişlərilə hakimiyyətə gələn bu elitanın hələlik prosesin həllində maraqlı olmadığını göstərir. Onlar bildirirlər ki, İrəvan Qarabağ probleminin bundan sonra da danışıqlar yolu ilə həllinə sadiq qalacaq, amma ərazi güzəştlərinə getməyəcək. Əslində isə BMT-nin qəbul etdiyi qətnamələrdə, ATƏT-in Minsk qrupunun hər iki tərəfə verdiyi tövsiyyələrdə, digər beynəlxalq qurumların qəbul etdikləri qətnamələrdə birmənalı olaraq göstərilir ki, problem bütün hallarda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu isə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasını özündə ehtiva edir.

Lakin hələlik Paşinyan tərəfindən bu addımların atılmasını nə görmür, nə də müşahidə etmirik. Paşinyan hakimkiyyətə gələn ilk dövrlərdə hətta Dağlıq Qarabağdakı separatçı rejimin də danışıqlara cəlb edilməsini istəyirdi. Ancaq Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində  bu sərsəm fikrindən geri çəkildi. Buna baxmayaraq, Paşinyan yenə də anoloji mövqedən çıxış edir və bəyan edir ki, guya Ermənistan  danışıqlarda Qarabağ xalqının hansısa haqq və hüquqlarını qoruyur. Bu əsasda da yenə də bəyan edir ki, bütün hallarda Azərbaycan Dağlıq Qarabağ separatçıları ilə masa arxasında oturmalı və müəyyən razılığa gəlməlidir. Paşinyan belədə yaxasını kənara çəkməklə guya ki, Ermənistanın münaqişəyə cəlb olunmadığı imicini formalaşdırmaq istəyir. Bununla da çalışır ki, beynəlxalq təzyiqlərdən Ermənistanın yaxasını kənara çəksin. Belə görünür, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət, apardığı islahatlar, o cümlədən ordu quruculuğu sahəsində görülən mühüm işlər, ən əsası ölkəmizin beynəlxalq güclərlə apardığı uğurlu siyasət İrəvanı geri çəkilməyə məcbur edə bilər. 

Azərbaycanın problemi başqa yollarla, o cümlədən hərbi yolla da həll etmək hüquqi və imkanları var. 2016-cı ilin aprel döyüşləri Azərbaycanın  hansı gücə sahib olduğunu həm Ermənistana, həm də onun havadarlarına əyani şəkildə göstərdi. Gerçəkdən Paşinyan bundan sonra da danışıqları indi sərgilədiyi mövqedən yanaşmaqla aparmağa cəhd edəcəksə, Azərbaycan Prezidentinin dediyi kimi, ölkəmiz danışıqları heç də sadəcə. danışıqlar naminə aparmır. Danışıqlar məhz problemin sülh yolu ilə həlli və işğal prosesinə son qoyulmasını özündə ehtiva etməlidir. Paşinyan güzəştə getməyəcəksə, Azərbaycanın onu buna vadar etmək imkanları kifayət qədərdir. Bu halda bölgədə vəziyyətin kəskin şəkildə dəyişə biləcəyi ehtimalını yəqin ki, xarici kapital və beynəlxalq güclər də nəzərə alır. Ona görə də onların Ermənistan iqtidarına olan tövsiyələrilə yanaşı, təzyiqləri də artmalıdır.

Yalnız ikili standartlardan imtina etmək və Ermənistanın danışıqlar masası arxasında daha real mövqe sərgiləməsi fonunda problemi cari ildə həll etmək olar. Belə olarsa, bu il Dağlıq Qarabağ probleminin həllində dönüş ili olacaq”.

Rüfət NADİROĞLU