İrəvandakı qeyri-müəyyənlik Qarabağ savaşını yenidən körükləyir

9 Fevral 2019 09:30 (UTC+04:00)

Nikol Paşinyan Ermənistanda mütləq hakimiyyətini təmin edib. Belə ki, artır parlamentdə mütləq əksəriyyət onun partiyasının əlindədir. Bu isə ona imkan verir ki, qarşıya qoyduğu planları daha rahat şəkildə həyata keçirə bilsin.

Belə vəziyyətdə ondan tələb edilən məqamlardan biri də artıq Qarabağ məsələsində real addımlar atmasıdır. Yəni, Paşinyan Ermənistanın əvvəlki rəhbərləri tək danışıqlardan qaçmamalı, yaxud da nəticəsiz danışıqlar aparmamalıdır. Ondan indi tələb olunan nəhayət, işğal siyasətinə son qoyaraq, qonşuları ilə normal münasibətlər qurmaqdır.

Politoloq Qabil Hüseynli Ermənistan baş nazirinin konfliktin həllində real addımlara gedəcəyini düşünmür: “Paşinyandan münaqişənin həlli istiqamətində hansısa real addımlar atacağını gözləmirəm. O, artıq yenicə başlanan və dəstək verilən danışıqlar prosesini pozan provakasiyalı açıqlamalar etməkdədir.

Üstəlik Azərbaycan tərəfinin ona vaxt verməsi və ABŞ və Avropanın danışıqlar prosesini dəstəkləməsinə baxmayaraq, o, həmin prosesi tormozlayan bəyanatlar səsləndirməkdə davam edir. Bu nöqteyi-nəzərdən də ondan konstruktiv nəsə gözləməyinə dəyməz. Görünür, prosesə ATƏT-in Minsk qrupunun qoşulması lazım gələcək. Danışıqlar prosesi ola bilsin, məhz bu qurumun vasitəsilə bərpa edilsin. Amma Paşinyan danışıqlar prosesində Köçəryan və Sarkisyanla müqayisədə daha sərt və qeyri-konstruktiv mövqe tuta bilər. Belə olan halda, Azərbaycanın problemin həlli üçün ancaq bir yolu qalır, savaş yolu”.

Politoloq Natiq Miri isə qeyd etdi ki, Rusiya imkan verəcəyi təqdirdə, Paşinyan münaqişənin həllində real addımlara gedəcək: “Əslində, bu gün Ermənistanda süni olaraq yaradılan ajiotajın əsas məqsədi  məhz Paşinyanın münaqişənin həllində real addımlara gedib-getməyəcəyi məsələsidir. Çünki Paşinyan hökumətinin əleyhinə olan bütün siyasi qüvvələr bunu sezdiklərindən hərəkətə keçiblər. Bu müstəvidə də mövcud prosesin müxaliflər Paşinyanın əleyhinə çevirməyə çalışırlar. Onlar yenə də Qarabağ kartından istifadə etməklə Paşinyan hakimiyyətini gözdən salmaq, nəticə etibarı ilə devirməyi hədəfləyirlər. Yəni ölkədə baş qaldıran bu hay-küyün əsas məqsədi məhz budur. Münaqişə ətrafında gedən müzakirələr nəticəsində prosesin konkret siyasi nəticəyə gətirib çıxarılacağı ehtimalı böyüyür. Bu da təbii ki, Sarkisyan, eyni zamanda, Rusiyanı narahat edir.

Moskvada anlayırlar ki, problemin həlli yolu açılacağı təqdirdə, bu hal Ermənistanda Paşinyan hökumətinin mövqeyinin möhkəmlənməsi və gələcək iqtisadi inkişaf perspektivinin önünün açılmasına gətirib çıxara bilər. Rusiya XİN-in sözçüsü bəyan etdi ki, Moskvada Dağlıq Qarabağ probleminin həllilə bağlı Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək. Yəni bu vəziyyət onu göstərir ki, yaranmış situasiyada Moskva da dərhal hərəkətə keçir. Ermənistanda yaradılan ajiotajın Rusiyadakı bu addımı həmin prosesin davamı olaraq dəyərləndirilməlidir. Məsələ bundan ibarətdir”.

Rüfət NADİROĞLU