Erməni inqilabının çölü özgəni, içi özünü yandırır

9 Fevral 2019 10:30 (UTC+04:00)

Ermənistanda sosial gərginlik sürətlə artır, qüttbləşmə dərinləşir, ölkə düşdüyü ziddiyyətlər burulğanından qurtula bilmir. Ötənilki quraşdırılmış səmum yelindən sonra müəyyən işartılar yaranmışdı ki, bəlkə yeni gələnlər siyasətdə hansısa bir rasional istiqamət tapa, ölkəni dirçəliş yoluna çıxara bilərlər. Çünki, Nikol Paşinyan küçələrdə mitinq edəndə xalqa sürələ yuxarı qalxmaq vədi vermişdi. Budur, bir ilə yaxın vaxt keçib, amma hələ ortada gözə dəyəsi mbir amil, sosial dəyişiklik yoxdur. Yeni hökumətin neçə aydan bəri hazırladığı bə bu günlərdə parlamentin müzakirəsinə çıxaracağı öz proqram layihəsini e-gov.am saytında dərc edib. Amma elə ilk cümləsi ilə tanışlıqdan sonra erməni politoloqları və iqtisadçıları proqramı primitivliyini qeyd edir, “təzədən bişirilməli” olduğunu deyirlər. Ən azı bu sənədi “hökumətin ciddi proqramı” adlandırmaq mümkün deyil.

Ekspert Arı Meliksetyanın fikrincə, hökumətin proqramındakı müddəalar sadəcə istiqamət göstəricisidir, yol xəritəsi deyil. Üstəlik, sənəddə xeyli müddətdir ki, baş nazirin pafosla dediyi şərəfli iqtisadi inqilabın nişanələrini tapmaq çətindir. Məsələn, proqramda bildirilir ki, dövlətin iqtisadi kursunun əsasında ixracın genişləndirilməsini, əhalinin məşğulluğunun artırılmasını, əməyin motivasiyasını hədəfləyən investisiya siyasəti durmalıdır. İqtisadiyyatın lokomotivi isə yüksək texnologiyalar sahəsi olmalıdır. Mütəxəssislər qeyd edirlər ki, əvvəlki hökumətlərin hamısında bu cür təmtəraqlı ibarələr yer alırdı. Yəni, bu proqramda əvvəlki vəziyyətdən fərqlənən nə isə inqilabi bir şey yoxdur. Və bəla orasındadır ki, bunların hər hansısının yerinə yetirilməsi mümkün olmayıb. Çünki, proqramın həyata keçirilməsinin resursları əldə yoxdur. Sözlə iş olmaz, işi görüb sonra sözə keçmək gərəkdir.

Bütövlükdə ermənilərin səbirsizliklə gözlədikləri və “sənətkarların” üzərində uzun müddət işlədikləri bu sənəd ölkə iqtisadiyyatının gələcəyi barədə ümidverici və ətraflı planda olmaq əvəzinə əhalinin başını aldatmaq üçün yazılmış başgicəlləndirici pafosdan ibarət kağız parçasıdır. İnqilabşçıların vəd etdikləri kimi əhalinin “Yeni Ermənistanda yaşamaq” ümidləri puça çıxır. Beşillik dövrü əhatə etməli olan proqramım mahiyyətindən doğan budur ki, Ermənistan yaxın beş ildə irəliləyişin, sosial inkişafın nə olduğunu görməyəcək.

Bu proqramla tanış olanda istər-istəməz gürcülərin “Mimino” filmi yada düşür. Süjetə görə, qazamata düşən gürcünü məhkəmədə təmizə çıxarmaq üçün şahid axtaran erməni sürücü elə məhkəmə binasının qarşısında duran bir nəfərə yaxınlaşab, “yoldaş, xeyirxahlıq edib məhkəmədə şahidlik edə bilərsənmi?” sualıni verən zaman milis həmin şəxsə yaxınlaşıb qolundan yapışır və dustaq maşınına çəkir. Heç demə, həmin şəxs cinayət üstündə həbs cəzasına məhkum edilib. Və dustaq maşını yola düşəndə məhkum əlini yelləyib “beş ildən sonra görüşərik” deyərək, şahidlik etməyə vəd verir. Erməni inqilabının xalqa verdiyi töhfələr budur. Xaricdən bu, inqilab kimi dəyərləndirilsə də, daxildən dövlət çevrilişindən başqa bir dəyər kəsb etmir. Necə deyərlər, inqilabın çölü özgəni, içərisi xalqı yandırır.

İndi Ermənistanın daha beş il acınacaqlı vəziyyətdə olacağına şübhə yoxdur. Çünki, yeni hökumətin proqramı buna zəmanət verir. Beş il ərzində nələr baş verəcək, hansı sular axacaq, hələlik bu haqda da dəqiq nə isə demək olmaz. Amma yenə vir məsələ aydındır ki, nə qədər Ermənistan öz siyasətini dəyişməyəcək, yerləşdiyi regionda sülhə can atmayacaq, konkret olaraq Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymayacaq, onun acınacaqlı vəziyyətdən çıxması sual altında qalacaq.

N.NOVRUZ