Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində səhnəyə qayıtdım – Aleksandr Şarovski (FOTO)

11 Fevral 2019 15:59 (UTC+04:00)

Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski doğma teatrın səhnəsində ad gününü qeyd edib.

Trend-in məlumatına görə, səbəbkarın şərəfinə “Maskarad” tamaşasının nümayişi olub. Tamaşanın üstün cəhəti odur ki, A.Şarovski təkcə rejissor deyil, həm də baş rollardan birini ifa edir. Tanınmış rejissoru səhnədə aktyor kimi görmək isə teatr sənətinin pərəstişkarları üçün xüsusi xoşbəxtlikdir.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiya, Avstriya və İsveçin Azərbaycandakı səfirləri, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

KİV nümayəndələri ilə söhbətində A.Şarovski tamaşada Arbenin rolunun onun üçün çox qiymətli olduğunu və buna görə də səhnədə məmnuniyyətlə çıxış etdiyini vurğulayıb: “Məni təbrik etməyə gələn hər kəsə təşəkkürümü bildirirəm. Heç kəs bilmirdi, lakin belə oldu ki, bir müddət əvvəl səhhətimdə problem yarandı və düşündüm ki, bir də heç vaxt səhnəyə artist kimi çıxa bilməyəcəyəm”.

Xalq artisti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müalicə almasına göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

A.Şarovski əlavə edib ki, ad gününü doğma teatrın səhnəsində tamaşaçılarla keçirməkdən məmnundur.

Gələcək yaradıcılıq planları baradə danışan rejissor qeyd edib ki, may ayında Bernard Şounun pyesinin motivləri əsasında səhnələşdirilmiş “Milyonçu qadın” tamaşası təqdim olunacaq. Tamaşa Azərbaycanın xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub.

“Maskarad” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.

Sonra xalq artisti A.Şarovski tamaşaçılara müraciət edib:

"Əziz dostlar, bu gün mənim debütümdür. Bundan əvvəl mən səhnə ilə vidalaşmış və düşünmüşdüm ki, yalnız rejissor kimi fəaliyyət göstərəcəyəm. Lakin Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində ayağa qalxdım. Azərbaycanın Birinci-vitse prezidentinin köməkçisi Anar Ələkbərov vasitəsilə Mehriban Əliyevaya minnətdarlığımı çatdırmaq istəyirəm. Hər kəsə təşəkkür. Həyat davam edir və hər şey irəlidədir..."