Ordumuzun döyüş hazırlığı yüksəldilir

12 Fevral 2019 07:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik  Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə naziri yeni tədris dövründə qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin müvafiq direktiv və təlimatlara uyğun olaraq daha da effektiv və keyfiyyətli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi, eləcə də peşəkarlığın artmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Z. Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu ilə bağlı qarşımızda qoyduğu tapşırıqlar, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyə və tələblərin gündəlik fəaliyyətdə əks etdirilməsini tapşırıb. Ali Baş Komandanın tapşırığına əsasən 2019-cu ildə də Azərbaycan Ordusunda, xüsusilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirən general-polkovnik Z.Həsənov bu sahədə yerinə yetirilən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib. Müşavirənin yekununda müdafiə naziri bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin hər bir təxribatına adekvat cavab vermələri və onun fəaliyyətinin qarşısının qətiyyətlə alınması barədə əmr və tələblərini çatdırıb. Bunlar o zaman baş verir ki, cəbhədə düşmən təxribatı yenidən artır.

Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, düşmənə vaxt verməyin, bu vaxt çərçivəsində işğala son qoymadıqları təqdirdə isə hərbi əməliyyatlara başlamağın zamanı yetişib: “Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi öz işini görür. Zakir Həsənov millətinə, dövlətinə bağlı olan generalımızdır.

Gözləyirəm ki, artıq Zakir müəllim ölkənin iradəsini ifadə edən prezidentlə məsləhətləşib, düşmənə vaxt qoysunlar. İşğalçı ölkə bir və ya iki aya torpaqlarımızdan çıxmayacaqsa, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordumuza və ehtiyatda olan bizlərə əmr verilməlidir ki, məsələ həll edilsin. Yəni, artıq tək düşmən təxribatı ilə bağlı yox, ümumiyyətlə, ölkəmizi işğalçı qoşunların tərk etməsi üçün zaman vermək, çıxmadıqları təqdirdə isə bütün potensialımızı toplayıb sonuncu zərbəni vurmaq lazımdır. Buna Azərbaycanın hər cür imkanları var”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə də vurğuladı ki, Azərbaycanın ordu quruculuğu sahəsində gördüyü işlər, bu istiqamətdə verilən əmr və tapşırıqlar hər zaman düşməni vahiməyə salıb: “Azərbaycanda ordu quruculuğu məsələsi hər zaman siyasi hakimiyyətin böyük diqqət mərkəzində və qayğısı altındadır.

Müdafiə naziri tərəfindən komanda heyətinə verilən əmr və tapşırıqlar ordumuzun hərbi əməliyyatlara hər zaman hazır olmasına, Ermənistan tərəfindən  işğal edilmiş torpaqlarımızın işğaldan azad edilməsinə yönəlik çox ciddi addımlardır. Bu istiqamətdə Azərbaycanda aparılan işlər bir qayda olaraq Ermənistan tərəfdən izlənilir və böyük narahatçılığa səbəb olur. İrəvanın apardığı işğalçılıq müharibəsi nəticəsində Azərbaycan və Türkiyə tərəfindən izoyasiyada saxlanılması, düşmən ölkə iqtisadiyyatında uzun müddət davam edən geriləmə, əhalinin durmadan kütləvi şəkildə köçməsi ona gətirib çıxarıb ki, bu gün Ermənistan ölkəmizlə eyni səviyyədə hərbi paritet saxlamaqdan çox uzaqdır. 

Azərbaycan bu gün ərazi bütövlüyümüzün təmin edilməsi üçün həm diplomatik, həm də hərbi gücə istinad edir. İrəvan yaxşı bilir ki, 2016-cı ilin aprelində baş verən hadisələr hər bir an Azərbaycan tərəfindən yenidən təkrarlana bilər”.

Rüfət NADİROĞLU