Prezident İlham Əliyev Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

11 Fevral 2019 19:48 (UTC+04:00)

Prezident İlham Əliyev Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlamışdır. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak etmişdir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.