Siqaretlərin qiyməti 3-4 manatadək arta bilər

2 May 2012 21:30 (UTC+04:00)

Milli Məclisin deputatı, Sosial məsələlər üzrə komitənin üzvü Musa Quliyev tütün və tütün məmulatları aksizlərinin tezliklə artırılması mövqeyindən çıxış edir.

"Təəssüf ki, bu gün Azərbaycanda tütün məmulatlarının qiyməti çox aşağıdır və məqbul deyil. Bu məsələdə aksizlərin artırılması ən səmərəli tədbir olardı", - deyə M.Quliyev bildirib.

Onun fikrincə, Azərbaycanda bir qutu siqaretin qiyməti 3-4 manat məbləğində müəyyən olunmalıdır ki, bu da "öz sağlamlıqları ilə yanaşı ətraf mühiti də zəhərləyən" siqaret çəkənlərin sayının azalmasına gətirib çıxaracaq.

"Mən bu məsələni dəfələrlə qaldırmışam və 2012-ci il dövlət büdcəsinə dair qanuna dəyişikliklərin müzakirəsi zamanı yenidən qaldırmaq niyyətindəyəm", - deyə deputat əlavə edib.

Tütün məmulatları aksizlərinin qaldırılması ilə yanaşı M.Quliyev dərman preparatlarının aksizlərinin azaldılmasını təklif edir. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulduğunu xatırladan deputat qeyd edib ki, sənədin 6-cı fəslində çəkməyə qarşı mübarizə tədbirlərindən biri kimi tütün məmulatlarının qiymətlərinin artırılması göstərilib.