Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) 4 il bundan əvvəl dünyasını dəyişmiş şəxsin adına bu ilin fevral ayının 1-də cərimə yazıb. Bu barədə Movqe.az-a dünyasını dəyişmiş şəxsin həyat yoldaşı, jurnalist Zakirə Zakirqızı məlumat verib.
Jurnalist bildirib ki, dünən həyat yoldaşı Elxanın adına BDYP-dən məktub gəlib: " Məktubda bildirilib ki, mənim həyat yoldaşım bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb. Sonra da idarə etdiyi NİSSAN PATROL maşını texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kimin üçünsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür. Birdən bu maşın kimisə vurub, öldürdü... Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?"
Movqe.az məsələyə aydınlıq gətirmək məqsədilə DYPİ ilə əlaqə saxlayıb. DYPİ-dən bildiriblər ki, bu məktubla bağlı vətəndaş DYPİ-ə müraciət etməklə məsələyə aydınlıq gətirilə bilər.