Dövlət qulluğuna qəbul üçün 906 nəfər qeydiyyatdan keçib

23 Fevral 2019 22:30 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 31 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (88 vəzifə) və B (611 vəzifə) növünə aid 699 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 5-də elan olunan müsabiqənin müsahibə mərhələsinə sənəd qəbulu davam edir.

DİM-dən Movqe.az-a verilən məlumata görə, fevralın 23-nə olan məlumata görə, müsahibədə iştirak etmək üçün ümumilikdə 906 nəfər qeydiyyatdan keçib. Müsahibədə iştirak üçün namizədlər martın 7-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) tərəfindən təqdim olunub. Bu agentlikdə işləmək üçün 533 nəfər müraciət edib.