Avropanın Azərbaycana ehtiyacı artır

12 Mart 2019 17:13 (UTC+04:00)

Məlum olduğu kimi, Rusiya “Şimal-2” layihəsi vasitəsilə Baltik dənizinin dibindən keçməklə öz qazını Avropaya nəql etməkdə israrlıdır. Özü də Moskva bu addıma Ukrayna ilə aralarında olan düşmənçilik münasibətləri fonunda gedir. Lakin Moskvanın sözügedən istəyi hələ ki, reallaşmaqdan uzaqdır. Bu fonda Aİ-nin Azərbaycan tərəfindən reallaşdırılan “Cənub Qaz Dəhlizi”nə marağı daha da artır.

İqtisadçı ekspert Fuad İbrahimli bildirdi ki, yaranmış situasiyada Azərbaycan Aİ üçün geostrateji mövqe və zəngin enerji daşıyıcılarına görə ən əlverişli mövqeyə sahib olacaq: “Bildiyiniz kimi, ABŞ başda olmaqla əksər Qərb dünyası Rusiyanın “Şimal axını-2” qaz layihəsinə qısqanclıqla yanaşır. Bu mənada Moskvaya tətbiq olunan sanksiyaların prioritet məqsədi də məhz Rusiya enerji daşıyıcılarının dünya bazarlarına çıxışını təcrid etməkdən ibarətdir. Bu siyasət Rusiyanın enerji məsələlərilə əlaqədar həm şimal, həm də cənub istiqamətinə qarşı yönəldilir. İrana qarşı da eyni qəbildən sanksiyalar tətbiq edilir. Belə bir vəziyyətdə Azərbaycan  geostrateji mövqeyinə, həmçinin zəngin karbohidrogen ehtiyatlarına görə ən əlverişli vəziyyətdə olur.

Perspektivdə proqnozlar da onu göstərir ki, nə Rusiya, nə də İran yürütdükləri siyasətdən əl çəkmək fikrində deyillər. Yəni onların qərbyönümlü siyasətində yumşalacaqları gözlənilmir. Bu isə öz növbəsində iqtisadi cəhətdən onların əlverişsiz vəziyyətə salınması istiqamətində Qərbin həyata keçirdiyi siyasəti prioritet hala gətirəcək. Belə olan halda da Azərbaycanın son dövrlər həyata keçirdiyi meqalayihələr gündəmdə lider statusunu alacaq və regionun karbohidrogen ehtiyatları ilə zəngin digər dövlətləri, Türkmənistan, Qazaxıstan da, ona qoşulacaq. Nəticədə, Azərbaycan daha əlverişli mövqeyə yiyələnəcək. Bununla da aktiv və əlverişli vəziyyətdə olacağıq. O cümlədən, Rusiya və İrana qarşı nə qədər sanksiyalar tətbiq edilsə də, hər bir sahədə müəyyən qədər güzəştlər də edilir. Belə olan təqdirdə, İran və Rusiya üçün də Azərbaycan dəhlizi ən əlverişli dəhliz hesab olunacaq”.

İqtisadçı-ekspert Natiq Cəfərli də vurğuladı ki, Avropa Birliyi üçün “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti daha da artacaq: “Əslində Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə apardığı iş Avropa üçün çox əhəmiyyətlidir. Avropanın özü bu layihəyə böyük kredit ayırıb. Həmçinin, Avropa həmin layihəyə bəyanatlar formasında siyasi dəstək də verir. Düzdür, Azərbaycan qazının həcmi kifayət qədər deyil, Avropaya cəmi 10 milyard kubmetr qaz satılacaq. Amma gələcəkdə, həmin dəhlizə digər ölkələr, Türkmənistan, İraq, İsrail, İranla bağlı sanksiyaların aradan qaldırılması baş verdikdə Tehranın da prosesə qoşulması fonunda “Cənub Qaz Dəhlizi” Qərb üçün daha çox əhəmiyyət kəsb edəcək. Bu mənada Azərbaycana olan dəstək ölkəmizin həmin layihədə əsas moderator olması ilə bağlıdır.

Azərbaycan həm donordur, həm də həyata keçməsi üçün iqtisadi və siyasi resurslarını xərcləyən ölkədir. Ona görə də Azərbaycan və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti artır. “Şimal axını-2” layihəsi üzrə problem isə iki müstəvidədir. Avropanın Üçüncü Qaz Xartiyasına görə, qaz satan şirkət və qazpaylayıcı şirkət Avropa ərazisində eyni olmamalıdır. Bu müstəvidə də Rusiyadan tələb edirlər ki, “Şimal axını-2”ni həyata keçirmək istəyirsə, qazını sərhəddə AB-yə satsın. AB-də həminq azı hansı ölkəyə və neçəyə satmağı özü qərarlaşdıracaq. Moskva isə buna razı deyil, çünki həmin halda qazla bağlı Moskvanın təzyiq mexanizmi əlindən alınır. İkinci bir tərəfdən bəzi Avropa ölkələri Rusiya qazından daha çox asılı olmaqdan çəkinir. Çünki Rusiyanın Avropa enerji məkanında rolu böyükdür, qitənin 500 milyard kubmetr qaz istehlakının 150-160 milyardı Rusiyanın payına düşür. Almanların isə burada başqa marağı var. Çünki həmin layihə Avropaya Almaniya ərazisindən daxil olduğundan Berlin üçün pul qazanmaq baxımından bu daha sərfəlidir. Amma görünən odur ki, Qərbin sanksiyaları “Şimal axını-2”nin realizə olunmasına ciddi əngəllər yaradır. Düşünürəm ki, burada Azərbaycanın da böyük rolu vardır. Ola bilər Qərblə Rusiyanın danışıqlarında “Şimal axını -2”-yə icazənin verilməsi fonunda Moskvanın Transxəzər layihəsinə maneə olmaması barədə razılıq əldə edilsin. Bu baş versə Türkmənistan qazı Azərbaycandan keçməklə Avropaya nəql ediləcək”.

Rüfət NADİROĞLU