Qeyri-neft sektoruna yeni xarici sərmayə axını başlanır

14 Mart 2019 07:00 (UTC+04:00)

Azərbaycanın qeyri-neft sektoru xarici investorların diqqətini getdikcə daah çox cəlb edir. Məsələn, Rusiyanın "Qazprombank" qurumu  Azərbaycanda kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu və digər xarici investorların qeyri-neft sektoruna artan marağını şərtləndirən səbəb nədir? Bu hal ölkəmizə hansı üstünlüklər vəd edir? 

İqtisadçı-ekspert Fuad İbrahimlinin fikrincə, cazibədarlıq amili xarici investorları Azərbaycanın qeyri-neft asektoruna marağının artmasına rəvac verib: “İqtisadiyyatda  cazibədarlıq termini var. İnvestisiya mühitinə cazibədarlıq yaranmalıdır ki, investorlar da sahələrə vəsait yatırmaqda maraqlı olsunlar. Azərbaycanda hazırda investisiya mühitilə bağlı cazibədarlıq elə bir nöqtəyə gəlib çatıb ki, artıq xarici investorlar ölkəmizin qeyri-neft sektorunu cazibədar hesab edərək bu bazara daxil olmaq istəyir. Burada ən vacib məqam odur ki, dövlət siyasəti də ona yönəlib. Yəni prosesdə hər bir məqam bir-birini tamamlamalıdır. Sabitlik olmalı, risqlər tamamilə minimuma enməlidir. Baxmayaraq ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir, dövlət siyasətimizin makroiqtisadi səviyyədə göstəricilərini götürdükdə, prioritet istiqamətləri müəyyənləşdirərkən ölkəmizin hazırda xarici investorlar üçün cazibədar olduğu üzə çıxır. Təkcə Rusiya deyil, digər ölkələrin də Azərbaycanın qeyri-neft sektorunda paya sahib olmaları üçün də danışıqlar gedir.

Xarici investorların ölkəmizin qeyri-neft sektoruna gəlişi Azərbaycan üçün bir çox üstünlüklər deməkdir. Kifayət qədər inkişaf etmiş transmilli şirkətlərin Azərbaycana artan marağı ilk növbədə yeni iş yerlərinin yaradılması baxımından vacibdir. Digər tərəfdən, yeni investisiya axını ölkənin qeyri-neft sektorunun inkişafına əlavə şəraitlər yaradacaq. Beləliklə də, ölkəmizin neft sektorundan asılılığındanxilas olmaq yolunda kifayət qədər ciddi addımlar atılacaq və həmin məqsədə qısa yolla çatacağıq”.

İqtisad Universitetinin dosenti Qadir Bayramlı düşünür ki, Azərbaycanda qeyri-neft sektorunda imkanların genişləndirilməsi xarici investorları ölkəmizdə bu sahəyə daha çox s.ərmayə ayırmağa meylləndirib: “Son dövrlər Azərbaycanın qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı sahəsində problemlərin həlli və imkanların genişləndirilməsi məsələsinə daha ciddi yanaşmağa başlayıblar. Nəticədə yaranmış vəziyyət xarici sərmayədərların da diqqətini cəlb edib. Azərbaycanda xarici sərmayənin qeyri-neft sektoru, kənd təsərrefatı və turizmə yönəldilməsinə böyük ehtiya var.

Bu sahədə ölkəmizin potensilı və perspektivi genişdir. Amma sərmayə azlığı və ya təşkilatçılığın zəif olmasından bu imkanları özümüz  gerçəkləşdirə bilmirik. Bu mənada xarici investisiyanın artması prosesdə ciddi irəliləyişə gətirib çıxara bilər. Hazırda kənd təsərrüfatın bir çox sahələrinə sərmayə qoyuluşu daha vacibdir. Gələn sərmayədən məqsədyönlü, planlı, sistemli şəkildə istifadə etməliyik. Belə olarsa onun faydası daha geniş olacaq. Ölkədə suvarma sistemi əsasən sovet dövründə qurulduğundan xeyli dərəcədə köhnəlib. Gətirilən sərmayənin bu sahəyə yönəldilməsi daha yaxşı olardı. İkinci bir tərəfdən, kənd təsərrüfatı torpağının bir hissəsi şoranlaşıb, yanlış suvarma ilə bağlı olaraq keyfiyyəti aşağı düşüb. Ona görə də xarici investisiyanın bir hissəsi də belə torpaqlarda meliorativ tədbirlərin görülməsinə ayrılmalıdır.

İlkin emal müəssisələri də ölkəmizdə azdır. Bu səbəbdən bol məhsulu satmaqda, aqrosənaye məhsuluna çevirməkdə çətinlik çəkirik. Bu da kiçik və orta sahibkarlara tanınan imkanların yetərli olmamasında qaynaqlanır. Onu artırma lazımdır.  Bu iş üzrə bəlli qurum yaradılmalı, proqram hazırlabnmalıdır. Fermerlərlə görüşüb onları maarifləndirmək lazımdır. Ona uyğun olaraq da gələn sərmayədən istifasdə ediləlidir. Xaricdən indiki kimi yox, daha məhsuldar heyvan cinsləri, bitki sortları gətirilməlidir. Yəni gələn sərmayə qeyri-neft sektorunun ən zəruri sahələrinə yönəldilməlidir. Fermerlərin nəyə ehtiyacının olduğu şəffaf şəkiıdə ortaya çıxarılmalı, və gələn sərmayə də şəffaf şəkildə həmin sahəyə ayrılmalıdır. Bu addımlar atılarsa xarici sərmayələrin davamı gələcək”.

Rüfət NADİROĞLU