Bakı dünya liderlərinin toplaşdığı əsas məkanlardan birinə çevrilir

16 Mart 2019 07:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı forumu öz işinə başlayıb. Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Tədbirə dünyanın 70-dən çox ölkəsindən 450-dən çox qonaq cəlb olunub. Forumun mövzusu isə "Dünyanın yeni xarici siyasəti" ilə bağlıdır. Forumda habelə "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamli inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı", "Müasir qərarlarin qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclaslar keçirilib. Forumun əsas panel iclasların biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunub. Qlobal Bakı Forumu bu gün çox səmərəli platformaya çevrilib. Bu hal Azərbaycana, onun haqq səsinin dünyaya çatıdırlmasına nə və edir? 

Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, Bakıda baş tutan forum ölkəmizin haqq səsinin daha prinsipial şəkildə dünyaya çatdırılması yolunda atılan mühüm addımlardan biridir: “Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən qlobal humanitar forum bir çox baxımdan böyük əhəmiyyət kəsb edir.

Hər şeydən əvvəl forumun Bakıda keçirilməsi müasir beynəlxalq münasibətlərdə Azərbaycanın yerinin möhkəmləndiyini, rol və nüfuzunun artdığını göstərir. Foruma dünyanın müxtəlif ölkələrindən 450-yə yaxın nümayəndənin gəlməsi cənab Prezident İlham Əliyevin simasında Azərbaycan dövlətinə olan etimad və inamı bariz nümunəsidir. Bu qədər ölkələrin rəhbərləri, ictimai-siyasi xadimləri Azərbaycana inam və etimad bəsləməsə, güvənməsəydilər ölkəmizə gəlməzdilər.

İkinci bir tərəfdən bu forum Azərbaycan həqiqətlərinin, haqq işinin dünyaya çatdırılmasında ən səmərəli vasitələrdən biridir. Forumda Prezident İlham Əliyevin nitqi başdan-başa Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. Eyni zamanda, bu forumlar ərazisinin kiçik, əhalisinin bir çox ölkələrdən az olmasına baxmayaraq dünya siyasətinə Azərbaycanın baxışını ortaya qoyur.  Dünyanın müxtəlif ölkələri, dövlət, hökumət xadimlərinin Prezident İlham Əliyevin dilindən Azərbaycan haqqında həqiqətləri eşitmələri böyük əhəmiyyət daşıyır.  Nəzərdən qaçırmayaq ki, bu forum haqqında dünyanın bir çox ölkələrinin kütləvi informasiya vasitələri də məlumat yayır. Tədbirin gedişini çoxsaylı xarici ölkə mətbuatı da işıqlandırır. Bu mənada da forum böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, forumun keçirilməsi böyük tarixi əhəmiyyət daşımaqla yanaşı, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də qeyd etdi ki, sözügedən forum Azərbaycanın haqq səsinin dünyaya çatdrılması yolunda mühüm addımdır: “Bu Foruma qatılan iştirakçıların sayının əvvəlkilərlə müqayisədə daha da artdığının şahidi oluruq. İndiki forumda 55 ölkədən nümayəndə iştirak edir. Onlar arasında dünya siyasətində önəmli yer tutan insanlar, 5 ölkənin prezidenti, bir baş nazir və əlavə olaraq  42  nəfər sabiq dövlət başçısı, nüfuzlu media təmsilçiləri də var. Şübhəsiz ki, belə forumlar həm Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından önəmlidir, həm də bütövlükdə qlobal problemlərin müzakirəsi, fikir mübadiləsi baxımından böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, BMT məhz Azərbaycanda baş tutan forumlara ciddi şəkildə dəstək verir.

Artıq dünyanın bir çox digər ölkələri də Bakının bütövlükdə beynəlxalq dialoq platformasına çevrildiyini etiraf edirlər. Bu aspektdən həmin forum həm də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi anlamına gəlir. Eyni zamanda, forumun gedişində ayrı-ayrı panellər də keçirilir. Bütövlükdə bəşəriyyəti narahat edən məsələlər müzakirə olunur. Elm adamları, Nobel mükafatı lauryatları, müxtəlif ölkələri təmsil edən siyasətçilərin çıxışları olur. Həm də bu forumlar ciddi təcrübə mübadiləsi baxımından vacibdir.

Eyni zamanda, Azərbaycanda olan mühitin, multikultural təfəkkürün, dünyügörüşünün dünyaya bir model olaraq təqdime dilməsi baxımından şübhəsiz ki, forum böyük əhəmiyyətə malikdir. Təkcə bu forum deyil, ümumiyyətlə Bakıda baş tutan digər tədbirlər də bəşəriyyətin inkişafı yolunda böyük əhəmiyyət kəsb edən mühüm tədbirlərdir”.

Rüfət NADİROĞLU