Cəbhə xəttində intensiv atışmalar dövrü başlanır

3 Aprel 2012 19:09 (UTC+04:00)

Son dövrlər Ermənistan tərəfindən cəbhə xəttində atəşkəsin tez-tez pozulması halları müşahidə olunur. Az qala hər gün cəbhənin müxtəlif istiqamətlərindən atəş səsləri eşidilir. Ekspertlər isə hesab edir ki, bu, heç də səbəbsiz deyil. Bildiyimiz kimi, Ermənistan parlament seçkilərinə hazırlaşır. Seçkilər cari ilin mayında baş tutmalıdır. Bu ölkədə seçkilər ərəfəsi isə vəziyyət olduqca kəskinləşib.

Ermənistanın günü-gündən iqtisadi cəhətdən zəifləməsi, əhalinin aclıq və səfalət içində yaşaması fonunda Serj Sarkisyan iqtidarının nüfuzu aşağı düşməkdədir. Əvəzində isə müxalifət xal qazanır. Belə hal isə heç bir halda Sarkisyan hakimiyyətini qane etmir. Ona görə də özlərinin düşdüyü ağır durumdan çıxarmaq üçün hakimiyyət çalışır ki, əhalinin diqqətini daxili problemlərdən yayındırsın. Daxili problemlərdən yayındırmağın əsas vasitəsini də ermənilər həmişəki kimi Azərbaycanla təmas xəttində atəşkəsin pozulmasında görürlər. Məhz bu yolla Ermənistan hakimiyyəti vəziyyətdən çıxmağa meyillidir. Ona görə də son zamanlar atəşkəsin pozulması hallarının intensivləşməsi heç şübhəsiz İrəvan tərəfindən qəsdən atılan addımdır. Söhbətləşdiyimiz ekspertlər də atəşkəsin pozulması hallarının intensivləşməsini Ermənistan hökumətinin seçkilər ərəfəsi xalqın diqqətini daxili problemlərdən uzaqlaşdırma amililə əlaqələndirdilər.

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayevin fikrincə də təmas xəttində erməni tərəfinin provakasiyaları ilə İrəvanın daxili-siyasi həyatı arasında əlaqə şübhəsizdir: "Ermənistanda aktiv siyasətdə olanların böyük hissəsi Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak edənlərdir. Onların xeyli hissəsi parlamentdə, həmçinin başqa dövlət strukturlarında da təmsil olunub.

Məsələ ondadır ki, Ermənistanda mayda keçiriləcək seçkilər ərəfəsində siyasi rəqabət getdikcə güclənir. Onlardakı indiki hökumət koalisiyalı hökumətdir. Lakin növbəti seçkilərə hakim partiya deyəsən təkbaşına getmək niyyətindədir. Yəni bu işğalçı ölkənin siyasi həyatında əvvəlki illərdə müşahidə olunmayan müəyyən özəlliklər var. Sarkisyan iqtidarından narazılıq Ermənistanda kifayət qədərdir. Bu narazılığı neytrallaşdırmaq üçün də onların cəbhə zonasında atəşkəsi pozmağa getməsi gözləniləndir. Amma atəşkəsi pozmaqdan o tərəfə getməyə isə Ermənistanın imkanı yoxdur. Daha ciddi qarşıdurmalara getsələr, Azərbaycan Silahlı Qüvvələri həmin an onları məhv edər. Buna şübhə yoxdur. Ümumiyyətlə, seçkilər ərəfəsi diqqəti daxildəki problemlərdən uzaqlaşdırmaq üçün xarici məqamları qabartmaq bir siyasi oyundur. Ermənistanda isə əsas vəziyyətin necə olacağı seçkilərdən sonra bilinəcək. Amma Sarkisyan komandası çox iddialıdır".

Politoloq Elman Nəsirli bildirdi ki, həqiqətən də Ermənistan rəhbərliyi seçkilər ərəfəsi əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün hətta kiçik müharibə insidenti də yarada bilərlər: "Seçkilər ərəfəsi ölkədaxili problemlərdən xalqın diqqətini yayındırmaq üçün düşmən ölkə ilə ziddiyyətləri kəskinləşdirmək beynəlxalq praktikada dəfələrlə sınaqdan çıxarılmış üsuldur. Rusiyanın Böyük Britaniyada səfiri olmuş Adamişinin sözlərinə görə, hansı dövlətin xarici siyasətində aqressivlik nümayiş olunursa, onlar xarici siyasətdə real vəziyyətə uyğun olmayan canfəşanlıq nümayiş etdirirsə, deməli, həmin ölkələrin daxili siyasətində ciddi problemlər mövcuddur. Onlar daxili siyasətdəki mürəkkəb problemlərdən diqqəti yayındırmaq üçün xarici siyasət məsələlərinə önəm verməklə ictimai rəyi də bununla çatdırmaq istəyirlər. Hesab edirəm ki, bu yanaşmanı Ermənistana münasibətdə tətbiq etdikdə də eyni nəticəyə gəlmək olar. Ermənistanda iqtisadi durum ağırlaşdığından, iqtidarla müxalifət arasındakı uçurum daha da genişləndiyindən narazı kütlənin indiki prezident Sarkisyan əleyhinə mövqe bildirəcəyi istisna deyil. Nəticədə də onun hakimiyyətdən uzaqlaşdırılması məsələsi geniş vüsət alar, ölkəni mitinq və tətillər dalğası bürüyər. Belə olan təqdirdə Ermənistan rəhbərliyi yenidən əcinə ovuna çıxıb, diqqəti xarici vəziyyətlə bağlı problemlərə yönəldə, xüsusən də Dağlıq Qarabağ ətrafındakı münasibətləri daha da mürəkkəbləşdirməyə cəhd edərlər. Çünki xarici məsələlərlə bağlı durumu kəskinləşdirməklə seçki ərəfəsi daxili vəziyyəti də bir o qədər sabitləşdirə bilərlər. Onların yanaşmaları məhz belədir. Bu məntiqlə də hesab edirəm ki, seçkilər yaxınlaşdıqca Ermənistan tərəfindən cəbhə bölgəsində atəşkəs rejiminin pozulması intensivliyi daha da artacaq. Ermənistanda daxili vəziyyət Sarkisyan hökumətinin təsəvvür etdiyindən də çıxılmaz hala düşərək onun hakimiyyətdən getməsi məsələsi real məcraya yönəlsə onlar, hətta Azərbaycanla sərhəddə kiçik bir müharibə insidenti törədə də bilərlər. Həqiqətən də son zamanlar atəşkəs rejiminin pozulması hallarının intensivləşməsi Ermənistanda mayda olacaq parlament seçkiləri ərəfəsi daxili siyasi vəziyyətin gərginliyindən qaynaqlanır".

Rüfət NADİROĞLU