Goranboyda son tunc-erkən dəmir dövrünə aid nekropolda maddi mədəniyyət nümunələri tapılıb

4 Aprel 2019 12:59 (UTC+04:00)

Ekspedisiyanın rəhbəri AZƏRTAC--ın müxbiri ilə söhbətində bildirib ki, mart ayında Goranboy rayonu ərazisində başlanan arxeoloji tədqiqat işləri uğurla davam edir. Tədqiqatlar Qarasu dərəsi nekropolunda aparılır. Nekropol Goranboy rayonunun Səfikürd kəndi ərazisində Qarasu dərəsinin sağ sahilində yerləşir. Son tunc-erkən dəmir dövrünə aid nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı zəngin maddi mədəniyyət nümunələri aşkar edilib. Böyük ölçülü qəbirlərdən birinin şimal-cənub istiqamətində uzunluğu 3 metr 30 santımetr, eni 2 metrdir. Qəbirdən bir ədəd böyük küp, 3 ədəd orta həcmli küp və bardaq, metal əşyalar və çoxsaylı bəzək nümunələri aşkar olunub. Bardaq qara rəngli olub, çox zövqlə hazırlanmış üzəri ağ xüsusi maddə ilə inkrustasiya edilib. Tunc və dəmirdən hazırlanan məişət əşyalarına bıçaqları və iynəni, bəzək əşyalarına isə tunc və müxtəlif minerallardan hazırlanan qolbaqları, asma bəzəkləri, muncuqları və s. aid edə bilərik. Qəbirin içərisinin kül qarışıq torpaq layından ibarət olmasına və insan skeletinə rast gəlinməməsinə əsasən burada kremasiya - ölü yandırma adətinin icra olunduğu ehtimal edilir. Qəbirdən götürülən yanmış sümük qalıqları üzərində aparılan araşdırmadan sonra qəti fikir söyləmək mümkün olacağını güman edirik.

Ekspedisiya, həmçinin Goranboy rayonu ərazisində yeni kurqanlar qeydə alaraq rayon ərazisində mövcud olan abidələrin siyahısına daxil edib.Movqe