Formula 1 Azərbaycan Qran Prisinə 20 gün qaldı - SON VƏZİYYƏT

5 Aprel 2019 08:40 (UTC+04:00)
26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar normal qaydada davam edir, şəhərdə tikinti işlərinin əksəriyyəti yekunlaşmaq üzrədir. Movqe Az bildirir ki, bunu Trend-ə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, hazırda tribunalar, təhlükəsizlik baryerləri quraşdırılır və yarış həftəsi bütün tikinti işləri tamamlanacaq. Bilet satışlarına gəlincə, N.Arpadarai vurğulayıb ki, ötən illə müqayisədə bilet satışı daha intensivdir və ümumilikdə 60-dan çox ölkədən bilet alınıb. Departament rəhbərinin sözlərinə görə, bilet alan ölkələr arasında birinci üçlüyə Rusiya, Böyük Britaniya və Monako daxildir. O qeyd edib ki, elə tribunalar var ki, artıq orada biletlər tam satılmaq üzrədir, məsələn Filarmoniya tribunasına biletlər demək olar ki, satılıb qurtarıb: "Bilet satışları adətən son günə qədər davam edir. Biletlərin neçə faizinin satıldığını demək bir qədər çətindir, çünki rəqəm daim dəyişir. Tribunalara bilet satışı qurtaranda biz elan edirik ki, artıq yer qalmayıb".