Təzə bişmiş çörəyi yemək olarmı?

9 Aprel 2019 05:10 (UTC+04:00)
Təzə bişmiş ətirli çörək iştahanı açaraq onu ləngitmədən yeməyə məcbur edir. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu, sağlamlıqla bağlı müəyyən problemlərə gətirib çıxara bilər. Movqe.az AZƏRTAC-a istinadən təzə bişmiş çörəyin hansı fəsadlar törədə biləcəyi barədə məlumatı diqqətinizə çatdırır. Qida borusu xərçəngi. Ümumilikdə, təkcə təzə bişmiş çörəyi deyil, digər yeməkləri də yüksək temperatur səbəbindən dərhal yemək məsləhət deyil. İsti yemək və içkilər qida borusunda xərçəng şişlərinin əmələgəlmə riskini artırır. Əldə olunan elmi məlumatlarda isti yeməklərə və içkilərə meyil, habelə onların müntəzəm qəbulu həmin riski 8 dəfə artırır. Mikrofloranın qıcqırması və zədəsi. Qida sahəsi mütəxəssislərinin sözlərinə görə, ağ undan hazırlanan təzə bişmiş çörək isti olmasa belə, mədə-bağırsaq traktının mikroflorasında çörək nişastası ilə qidalanan pis bakteriyaların fəallaşmasına gətirib çıxarır. Bu proses nəticəsində qıcqırma, həmçinin qarında köp və ağrılar, həzm traktında iltihab əmələ gəlir.