Beynəlxalq miqyasda manata böyük inam

10 Aprel 2019 10:31 (UTC+04:00)

Asiya İnkişaf Bankı (AİB) manat istiqrazlarının buraxılması ilə bağlı danışıqlara başlayır.

Belə ki, aprelin 14-də Asiya İnkişaf Bankı xəzinədarlığının nümayəndə heyəti manat istiqrazlarının buraxılışı və yerləşdirilməsi mexanizmini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.

Sözügedən istiqrazlar özəl sektor üçün sərmayə qoyuluşunu dəstəkləyəcək  alternativ maliyyə mənbəyi kimi çıxış edəcək. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə ADB nümayəndələri arasında keçirilən bir sıra görüşlərdə kiçik və orta biznesin inkişaf fondlarının və biznes klasterlərinin əməkdaşlıq imkanları müzakirə olunaraq özəl sektorun inkişafı sahəsində AİB ilə əməkdaşlığın zərurəti vurğulanıb, əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

İqtisadçı ekspert Fuad İbrahimli bildirdi ki, AİB-nin manat istiqrazları buraxaraq yerləşdirmək niyyəti Azərbaycanın investisiya baxımından cazibədar ölkə olmasından qaynaqlanır: “Transmilli korporasiyalar, investisiya fondları, bankların  hər hansı bir ölkə iqtisadiyyatı, dövlətə hansısa bir investisiya yatırımı etməsi, bu qəbildən olan addımları atmaları şübhəsiz ki, ilk növbədə həmin ölkənin investisiya cazibədarlığı, dövlət dayanıqlığı, analitik araşdırılmasının fundamental nəticəsidir. 

Şübhəsiz ki, investisiya cazibədarlığı olmayan ölkələrə münasibətdə belə yanaşmalar yoxdur. Bunun özü də bir daha onu təsdiqləyir ki, Azərbaycan investisiya qoyuluşu mühiti baxımından olduqca cazibədar ölkədir. Asiya İnkişaf Bankının manat istiqrazları buraxaraq krediti məhz bu pulla verməsinin sözsüz ki, Azərbaycan iqtisadiyyatı və milli valyutasına mühüm təsirləri olacaq. Sözügedən bankın həmin addımı ilə nəzəri baxımdan manat istiqrazları ilə hər hansı bir investisiyanın gəlişilə ən azından bazar münasibətlərində aktivliyi, milli valyutanın dayanıqlığının artırılmasını müşahidə edəcəyik. Gözləyək görək, proses faktiki həyata keçəndən sonra hansı formada icra olunacaq.

Düşünürəm ki, sözügedən bankın bu istiqamətdə kifayət qədər təcrübəsi var. Onlar həmin istiqamətdə bir çox ölkələrlə əməkdaşlıq edir. Ölkəmizdə də həmin prosesin qənaətbəxş olacağı ehtimalı daha böyükdür. Onu da nəzərə alaq ki, hazırda Azərbaycan iqtisadiyyatında aktivlik müşahidə olunur. Ona görə indiki vəziyyətdə həmin prosesin reallaşması qısa zamanda manata olan təzyiqlərin ən azından azaldılması istiqamətində böyük işlər görülmüş olacaq. Bu məsələnin gündəmə gəlməsi sözsüz ki, Azərbaycan iqtisadiyyatı və manatının cazibədarlığı və beynəlxalq reytinqinin daha da yüksəlməsi anlamına gələcək. Artıq bir çox investisiya sorğu kitabçalarında Azərbaycanın reytinqi artacaq”. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, AİB-nin həmin addımı manatın gələcək məzənnəsilə bağlı həmin qurumda pozitiv məqamların yer almasından xəbər verir: “Azərbaycanda bildiyiniz kimi,     qiymətli kağızlar bazarı zəif inkişaf edib. Təbii ki, bazarın inkişafında peşəkar institutların iştirakının təmin edilməsi və ona şəraitin yaradılması, Asiya İnkişaf Bankı kimi təşkilatların həmin prosesdə iştirak etməsi müsbət haldır. Bu həmçinin onu göstərir ki, AİB kimi qurumlarda manatın növbəti dövrlər üçün məzənnəsilə bağlı müəyyən pozitiv qənaətlər formalaşıb. Bu da öz növbəsində bazarda dövriyyə sürətinin artmasına gətirib çıxara bilər.

Əvvəlki dövrlərdə də müxtəlif banklar tərəfindən buna bənzər addımlar atılıb. Bundan başqa, manatla istiqrazların yerləşdirilməsi təbii ki, son mərhələdə bazarda  manatın bir qisminin çəkilməsinə gətirib çıxaracaq. Yəni istiqrazlar manatla satılırsa, bu zaman bazarda manat dövriyyəsi müəyyən qədər azalacaq və bu da növbəti dövrlərdə milli valyuta üzərində mövcud təzyiqlərin zəifləməsinə rəvac verəcək. Son nəticədə qiymətli kağızlar bazarında aktivliyin artması ilə vətəndaşlar və xüsusilə bank və sığorta sistemi kimi qurumların vəsaitlərini yerləşdirmələri üçün də əlverişli vəziyyət yarana bilər”.

Rüfət NADİROĞLU