Ərzaq təhlükəsizliyinin təminatında yüksək göstəricilər

11 Aprel 2019 08:49 (UTC+04:00)

 

Qeyri-neft sektorunun inkişafında ərzaq məhzullarının istehsalına ölkədə daha böyük diqqət yetirilir. Çünki, bu sahə strateji istiqamətə daxildir və xalqın, dövlətin yaşamasə və fəaliyyəti üçün həyati əhəmiyyətə malikdir. Bu da səbəbsiz deyil. Ölkıənin ərzaq təhlükəsizliyini təminatı müasir dövrdə bütün ölkələr üçün prioritet məsələdir. Lakin bu problemin həlli çox çətindir və davamlı gərgin fəaliyyət tələb edir. Son bir neçə ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün hökumətin həyata keçirdiyi tədbirlər, ayrıca Dövlət Proqramları bu sahədə əsaslı naiıiyyətlərin əldə edilməsini təmin edib. Təsadüfi deyil ki, bir sıra məhsullar, məsələn, quş əti, yumurta, süd məhsulları üzrə artıq yerli istehsal əhalinin istehlakını tam ödəyir. Kartof kimi gündəlik istehlak məhsulun istehsalının artırılması sahəsində də görülən tədbirlər bəhrəsini verib və lap yaxın zamanlarda respublikanın bu məhsulla tam təminatı baş verəcək.

Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev mətbuata açıqlamasında qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib: “Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir”. Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda kartof əsasən Rusiya, Belarus, İran və Türkiyədən idxal, Rusiyaya isə ixrac olunur.

Eyni məhsulun Rusiyadan idxalı və ora ixracı nə məna daşıyır, məlum deyil. Bu fakt onu sübut edir ki, təşkilatçılıq işi bu istiqamətdə o qədər də mükəmməl deyil. Əgər, ixracatçı məhsulu Rusiyada daha baha qiymətə satdığını və daha çox gəlir götürməsini səbəb kimi göstərsə, bu, doğru-düzgün təhlil olmaz. Çünki, uzaq məsafəyə daşınan məhsulun yol və saxlanma xərci, habelə reallaşdırılması vaxtı xərcləri artırır və bəlkə də “astarı üzündən baha başa gəlir”.

Düzdür, məhsulun ixracı vacib məsələdir, ancaq “əvvəl evin içi, sonra çölü”. İndilərdə Azərbaycan öz əhalisinin kartofa olan tələbatını 90 faizə qədər ödəyib. Ancaq hökumgördüyü meliorasiya işləri, yeni torpaqların əkin dövriyyəsinə buraxılması, kənd təsərrüfatında müasir, yüksək məhsuldarlıqlı texnologiyaların tətbiqi tələbatın tam ödənməsi üçün şərait yaradıb. Təsadüfi deyil ki, B.Quliyev hökumətin mövqeyini ifadə edərək deyib ki, Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.

Hazırda idxal olunan kartofun hər tonuna görə dövlət rüsumu əvvəlki 15 dollardan 30 dollara qaldırılıb. Lakin bu, qiymətlərə təsir etməyib. Ona görə ki, mütəxəssislərin hesablamalarına görə əhalinin illik tələbatı 600 min tondur. Halbuki Azərbaycanda bir milyon tona yaxın kartof istehsal edilir. Bu gün 60 min hektarda kartof əkilir. Hektarın məhsuldarlığı kifayət qədər yüksəkdir: hər hektardan 140 sentner. Əgər nəzərə alsaq ki, Azərbaycanda adambaşına istehlak ildə 48-50 kiloqram kartofdur, onda bu məhsul nəinki daxili bazarın tələbatını ödəyir, həm də ixrac üçün yaxşı stimuldur. Məsələn, ötən ilin I yarısında Azərbaycan xaricə 66,4 min ton kartof satıb. Bu, 2017-ci ilin birinci yarısındakından 15,5 faiz çoxdur. Eyni zamanda, idxal kartof ixracından 21 faiz (14 min ton) çoxdur. Bir kiloqram kartof xaricdə 44,5 sentə - təxminən ötən ilki qiymətə satılıb. İqtisadçılar hesablayıb ki, 2018-ci ildə 80,4 min ton kartof tədarükçülərə 20,4 milyon dollara başa gəlib. Eyni zamanda keçən ilin ilk yarısında idxalın həcmi 22,9% və ya 23,9 min ton azalıb.

İndi təbii coğrafi səbəblərə görə, qonşu İranın bir sıra bölgələrində suya qənaət məqsədilə kartof əkilməsi azaldılır. Bu o deməkdir ki, tezliklə bu ölkədə kartofun idxalı arta bilər. Artıq İranın öz məhsulu daxili bazarda xeyli bahalaşıb. Bu da Azərbaycanda bu sahə ilə məşğul olan sahibkarlasrın qarşısında yeni ixrac ünvanı aça bilər. Bir vaxtlar İrandan Azərbaycana kartof gətirilirdisə, indi əksinə ixrac prosesi baş verə bilər. Hər bir halda ölkəmizdə qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatının inkişafına güclü təsir edib və bu istiqamətdə qazanılan uğurlar sahənin iqtisadiyyatda yerini möhkəmləndirir.

N.NOVRUZ