LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

12 Aprel 2019 07:00 (UTC+04:00)

Müxtəlif maliyyə mənbələri hesabına iqtisadiyyata əsaslı kapital qoyuluşlarının həcminin artması son illər Azərbaycanın investisiya reytinqinin yüksəlməsinə təkan verməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri sosial-infrastrukturun formalaşmasını təmin etmişdir. Dövlət büdcəsində əsaslı kapital qoyuluşları üçün nəzərdə tutulan vəsaitlərin ilbəil artımı da məhz cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsinə, ölkənin mövcud istehsal potensialından səmərəli istifadəyə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqinə geniş imkanlar açmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1711,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz az vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,6 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2,0 faiz artıb. Ümumi sərmayənin 60,3 faizi məhsul istehsalı obyektlərinin, 30,5 faizi xidmət sahələri üzrə obyektlərin, 9,2 faizi isə ümumi sahəsi 252,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 68,1 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,3 faiz, büdcə vəsaitləri 22,0 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, bank kreditləri 4,6 faiz, büdcədənkənar fondların vəsaitləri 0,7 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

2019-cu ilin yanvar-fevral aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan və Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Şəmkir rayonunda 260 çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.  

Ümumiyyətlə, 2003-cü ildən etibarən ölkə iqtisadiyyatında ciddi keyfiyyət və kəmiyyət dəyişiklikləri baş vermiş, investisiyaların həcmi əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycanda dövlət investisiya siyasəti ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin təmini məqsədilə ümumi biznes şəraitinin yaxşılaşdırılması, xüsusi mülkiyyətin qorunması, korporativ idarəetmənin təkmilləşdirilməsi, bütün investorlar üçün azad rəqabət mühitinin yaradılması, iqtisadi sabitliyin qorunması prinsiplərinə əsaslanaraq aşağıdakı prioritetlərin həyata keçirilməsinə yönəldilir: a) infrastruktur sahələrinin inkişafı və onların obyektlərinin davamlı istismarının təmin edilməsi; b) regionların tarazlı inkişafının təmin edilməsi; c) insan kapitalının davamlı inkişaf etdirilməsi və sosial təminatın gücləndirilməsi.

Ümumilikdə, ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər Azərbaycanın bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını, habelə qlobal maliyyə şəraitində respublikaya xarici sərmayə qoyuluşlarını təmin edir. Həyata keçirilən səmərəli siyasətin nəticəsi olaraq Azərbaycan bu gün xarici investisiya cəlbediciliyinə görə dünya ölkələri sırasında ön sıralardadır. Son 15 ildə regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq ümumi daxil məhsul istehsalına görə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmiş Azərbaycan investisiya cəlbediciliyini də qoruyub saxlayıb: 1993-2015-cü illərdə ölkə iqtisadiyyatına 230 milyard dollara yaxın investisiya qoyulub. Dünyanın mötəbər «beyin mərkəzi» sayılan Davos Forumunun 2018-2019-ci illər üçün hesabatında Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görülüb. Respublikamız bu göstərici ilə MDB məkanında lider mövqeyini qoruyub saxlayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət Proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün yaxşı imkanlar açıb. İqtisadiyyatın şaxələndirməsi tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və onun real artım tempi, neft sənayesinin artım tempini üstələyib. 2019-cu ilin ötən 3 ayında qeyri-neft sektorunda 2 faizlik artım tempi bunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə yüksəlişində yerli və əcnəbi sahibkarlar daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar faktiki olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair qanunvericiliyə dəyişikliklər edilib. Son illər «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunları ilə sahibkarlar üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Məcəllədə əksini tapmış vergi güzəştlərinin böyük bir  qrupu sosial məqsəd daşıyaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına, ikinci qrupu isə stimullaşdırıcı xarakter daşıyaraq müəyyən sahələrin inkişafının təmin edilməsinə yönəlib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında» Fərmanına uyğun olaraq, güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını genişləndirib, güzəştli kreditlər üzrə müddətin maksimum həddi 10 ilədək məbləği isə 10 milyon manatadək artırılıb.

Son illər respublika iqtisadiyyatına investisiya cəlbini sürətləndirmək istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkətinin yaradılmasıdır. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.

Şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri də Azərbaycan müəssisələrinin ixracyönümlü və idxalın əvəzləşdirilməsinə yönəlmiş layihələrində iştirak və həmin layihələrə yerli və ya xarici investorların cəlb edilməsidir. Eyni zamanda, şirkət ölkədaxili kapital bazarının inkişafına, investisiya mühitinin təkmilləşdirilməsinə, yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sahələrinə cəlb edilməsinə çalışır. 

Azərbaycanın regionlarına investisiya axınını şərtləndirən mühüm amillərdən biri də ölkənin böyük həcmdə strateji valyuta  ehtiyatlarına malik olmasıdır. Hazırda strateji valyuta ehtiyatları 45 milyard ABŞ dollarına çatan respublikamız bu vəsaitin müəyyən qismini bölgələrdəki pespektivli və rentabelli sahələrin inkişafına yönəldərək külli miqdarda gəlir əldə etməyə iddialıdır.

Samir Mustafayev