Böyrəyini satan şəxsdən ŞOK İFADƏLƏR

12 Aprel 2019 13:44 (UTC+04:00)

Böyrək alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində danışan Rasim Bayramov deyib ki, tanışı vasitəsi ilə Fazil Həsənzadəylə görüşüb. "Onun qohumuna təcili böyrək lazım idi. İrana getdik, yoxlamalardan keçdim. Böyrək uyğun gəldi. Bakıya gəldik, sonra Vahibin maşını ilə Gürcüstana getdik. Tiflisdə əməliyyat olundum, böyrəyimi götürdülər. Bunun qarşılığında zorla onlardan 2 min dollar pul ala bildim".

Təqsirləndirilən şəxs zərərçəkənin dediklərinə etiraz edib və bildirib ki, böyrəyinin qarşılığında 12 min manat pul alıb: “Yalandan danışır. Rasimə şəxsən 12 min manat pul vermişəm. Fazil müəllim isə mənə ayrıca 3 min dollar pul verdi".
Zərərçəkən isə qeyd edib ki, 2 min dollar verilib, yerdə qalan 10 min dolları tələb edir.

Prosesdə ifadə verən Rufan Əhmədli deyib ki, işsiz qaldığından maliyyə problemləri ilə üzləşib: “Böyrəni satmaq qərarına gəldim. İnternetdə bu barədə yazdım. Sonradan adını Sahib kimi tanıdığım şəxs məni axtarıb tapdı. Oturub söhbət etdik, 12 min manata böyrəyimi satmağa razılaşdım. İranda bütün yoxlamalardan keçdim və Gürcüstana gedərək əməliyyat olundum. Razılaşdığım pulun hamısını almışam”.

Proses aprelin 19-da davam edəcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.