“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Neftçalada

15 Aprel 2019 11:10 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Neftçala olub.
Nazirlikdən Movqe.az-a verilən məlumata görə, 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan festival Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib.
Festivalda nazirliyin məsul işçiləri, Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, regional mədəniyyət idarələrinin işçiləri, ictimaiyyət nümayəndələri, respublikamızın digər bölgələrindən gələn qonaqlar və yüzlərlə neftçalalı iştirak edib.
İki hissədən ibarət olan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sərgi hissəsində dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.
Yaradıcılıq festivalı sərgiyə gələn balaca ziyarətçilərin də zövqünü oxşayıb. Festival iştirakçıları uşaqlar üçün sərbəst janrda bədii kompozisiyalar hazırlayıblar. Milli qəhrəman Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Cırtdan Kukla Teatrının “Kilimarası” tamaşası balacalar tərəfindən maraqla qarşılanıb.

Bundan başqa, festival çadırlarının ətrafında milli geyimli xanımların nümayiş etdirdikləri sacda yuxa bişirilməsi, yun əyirilməsi, corab toxuması kimi milli məişət həyatımıza xas olan elementlər də diqqət çəkib.
Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının konsert proqramında bölgələrin özfəaliyyət dərnəkləri, folklor kollektivləri və musiqiçilərinin çıxışları yer alıb.
Festival Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Respublikamızda ikinci dəfədir keçirilən festival iki ay davam edəcək.