Nəticəsiz danışıqlar Qarabağda yeni savaşa rəvac verir

16 Aprel 2019 08:00 (UTC+04:00)

Aprelin 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Dağlıq Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşdü.

Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov  da iştirak edib. Görüşün detalları hələlik məxfi saxlanılır.

Qeyd edək ki, martın sonlarında münaqişə tərəfləri liderləri arasında Vyana görüşü baş tutdu. Həmsədr ölkələri təmsilçilərinin yanaşmalarına görə, bu görüş konstruktiv keçib. Ardınca üstündən az keçmiş xarici işlər nazirləri Moskvada görüşürlər. Moskva görüşünə toxunan politoloq İlqar Vəlizadə hərbi ssenarinin real olması ehtimalının daha ciddi olduğu qənaətindədir: “Xarici işlər nazirlərinin Moskva görüşündən nəticə gözləmək olmaz. Çünki görüşün gündəliyi məlum deyil, məqsədi bu və ya digər şəkildə bilinsə də belə, onun danışıqlar prosesinə təsir göstərəcəyi barədə düşünmək hələdə yersizdir. Ona görə ki, ortalıqda konkretlik yoxdur. Belə vəziyyətdə, xarici işlər nazirləri arasında həmin görüşün alınması özü-özlüyündə bir hadisədir. Demirəm ki, böyük hadisədir, amma hər halda hadisədir.

Xarici işlər nazirlərinin konkret olaraq hansı məsələ ətrafında görüşdüyünü və onun danışıqlar prosesinə hansı təsir göstərəcəyini bilmiriksə, nəticə və ya nəticəsizlikdən də danışmaq hələlik çətindir. Bütün hallarda bu görüş əsnasında hansısa ziddiyyətli məqamlar ortaya çıxsa, bütün hallarda gösətərcək ki, burada daha çox dominantlığı ziddiyyətli məsələlər təşkil edir. Onları çözmək elə də asan olmayacaq.

Belə olan vəziyyətdə daha çox hərbi ssenarilərin reallaşmasını gözləyə bilərik. Ümumiyyətlə, bu halda danışıqlar prosesinin uğursuzluğa düçar olduğundan danışa bilərik. Burada müəmmalı məsələlər kifayət qədər çoxdur. Hansı konkret məsələləri müzakirə edəcəkləri bilinmir. Həmin görüş ümumiyyətlə, konkret mövzulardan kənar, son ayların gedişatına nəzər salmağa hesablanmış görüşdürsə,bəri başdan ondan nəsə nəticə gözləmək olmaz. Amma onlar konkret nəticəni müzakirə edirlərsə, humanitar məsələyə baxırlarsa, onda prosesdən nəsə gözləyə bilərik”.

Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, İrəvan Azərbaycan Ordusunun növbəti zəfər yürüşünü görməsə, konstruktiv danışıqlar masası arxasına əyləşməyəcək: “Xarici işlər nazirlərinin Moskva görüşünə bildiyiniz kimi, Rusiya XİN rəhbəri Sergey Lavrov rəhbərlik edir. Onun da mövqeyinin nədən ibarət olduğu məlumdur.

Moskva görüşünün detallarını bilməsək də, müsbət heç nə gözləmirəm. Ermənistanın hazırkı rəhbərliyinin tutduğu mövqe əvvəlki rəhbərlərinin tutduğu mövqedən hətta daha murdardır. Paşinyan və ətrafındakılar vaxtaşırı sərsəm bəyanatlar verir və bu əsasda bəlli olur ki, onların işğal etdikləri torpaqları azad etmək fikirləri yoxdur. Yəni danışıqlar heç bir  effekt vermir. Burada işğalçı dövlətlə yanaşı, həmsədr ölkələr də günahkardır. Onların məsələyə münasibətindən, işğalçını müdafiə etməsindən İrəvandakı rejim belə arxayınlaşıb. Moskva görüşü də əvvəlkilərini təkrarlayacaq. O vaxta qədər ki, düşmən konstruktiv mövqe qoymağa məcbur edilsin. Onlar Azərbaycan Ordusunun həmləsini görməsə, danışıqları sadəcə, danışıqlar xatirinə aparmaqda davam edəcəklər ki, təki vaxt uzansın.

Bizi yubadan sülh danışıqlarına son qoymalıyıq. Danışıqlar kəsilməməli, davam etməlidir. Ancaq effektli şəkildə davam etməlidir. Bunun üçün də danışıqlara getməmişdən öncə düşməni danışıqlara gəlməyə məcbur edən hərəkətlər etməli, ermənilər ordumuz tərəfindən ciddi zərbələr almalıdır. Əks halda İrəvan və havadarları münaqişəni uzatmaqda davam edəcəklər. Moskva görüşü də onlardan biridir”.

Rüfət NADİROĞLU