Qarabağ məsələsində “Lavrov planı” yenidən aktuallaşır?!

18 Aprel 2019 09:00 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənsitan XİN rəhbərlərinin Moskva görüşündən bir müddət sonra bildirib ki, həm Bakı, həm də İrəvan görüşdə əldə olunan razılaşmaların kağız üzərində qalmasında maraqlı deyillər. Əlavə olaraq Lavrov onu da qeyd edib ki, Moskva özü də burada razılaşmaların icra olunmasında maraqlı tərəf kimi çıxış edir.

Qeyd edək ki, Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri arasında olan görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi humanitar məsələlər ətrafında bir sıra razılıqlar əldə olunub. Ancaq məsələ ondadır ki, bu tip razılaşmalar əvvəllər də əldə edilib. Lakin Ermənistan tərəfi fürsət düşən kimi, humanitar sahədəki razılaşmaları da pozub.

Politoloq İlqar Vəlizadə İrəvanın humanitar xarakterli sözügedən razılaşmaya sonadək əməl edəcəyinə əmin deyil: “Münaqişə tərəflərinin xarici işlər nazirləri arasında Rusiya xarici işlər nazirinin iştirakı ilə Moskvada əldə olunan razılaşmalar siyasi cəhətdən ən risqsiz razılaşmalar hesab olunur. Belə ki, Moskva görüşündə humanitar sahələri əhatə edən məsələlər üzrə razılaşmalar əldə olunub. Bu razılaşmalarda siyasi risqlər minimuma endirilib. Ermənistan tərəfi siyasi risqi olmayan humanitar ruhlu bu razılığa da əməl etməsə, belə vəziyyət Minsk qrupu, bütün dünya üçün əyani sübut formasında göstərici olacaq ki, İrəvanla danışıqlar aparmaq mümkün deyil. Ermənistanın həmin sazişə əməl etməməsi fonunda isə hərbi ssenarilərin yenidən reallaşması üçün münbit şərait yaranacaq. Özü də belə vəziyyətin yaranmasına ermənilər özləri öz hərəkətlərilə, sazişə əməl etməməklərilə şərait yaradacaqlar. Yəni düşmən tərəfi sözügedən sazişə əməl etməkdən boyun qaçırsa, hərbi müstrəvidə hərəkət etməkdən başqa digər çarə qalmır. Maraqlıdır ki, Lavrovun açıqlamaları da boş yerə verilməyib. Belə ki, Azərbaycan tərəfi hələ Vyana görüşündən öncə erməni tərəfinə girovların hamının hamıya prinsipilə dəyişdirilməsini təklif edib. Bu təklifin özü də hər hansı bir siyasi risq yaradan təklif deyil. Lakin erməni tərəfi yenə də siyasi oyunbazlığa gedərək son danışıqlarda girovlardan Şahbazla Dilqəmin buraxılmasına deyil, yalnız, onlara qohumlarının baş çəkmələrinə razılıq verib. Onda sual yaranır, bu prinsipin reallaşmasına ermənilərə nə maneə olur? Qoy, açıq şəkildə bunu bildirsinlər. Amma onu da açıqlaya bilmirlər.

Belədə görürük ki, ermənilər hətta humanitar məsələdəki addımı da yarımçıq həyata keçirirlər. Görünür, İrəvanın tutduğu bu mövqenin nəticəsidir ki, Lavrov da sözügedən bəyanatla çıxış etməli olub”.

“Regnum” xəbər portalında yayımlanan “Dağlıq Qarabağ, Lavrov 2016-cı il planına qayıdıb?” başlıqlı məqaləsində isə politoloq Stanislav Tarasov qeyd edir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov danışıqlardan sonra kifayət qədər dürüst olaraq, 2016-cı ildə Rusiya tərəfinin təklif etdiyi layihə əsasında müzakirələr apardıqlarını qeyd edib. “Geniş mövzu üzrə danışıqlar olub. Danışıqlar prosesinə bu günə qədər maneə törətmiş məsələlər müzakirə olunub. Tam irəliləyiş barədə deyə bilmərəm, amma Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik.

2016-cı ildə Rusiyanın təklif etdiyi plan ətrafında müzakirələr aparılıb. Təbii ki, bir görüşdə bütün məsələlər həll edilə bilməz. Bu görüşün uğuru ondadır ki, biz hansı problemlərin olduğunu, hansı problemlərin həll olunmalı olduğunu başa düşdük. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq. Danışıqları davam etdirmək barədə qərar qəbul olunub", - deyə Məmmədyarov jurnalistlərlə söhbətində ifadə edib.
Tarasov xatırladıb ki, 2016-cı ildə Moskva “Lavrov planı” adlı bir ssenari təklif edib. Bu plan Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi halında Azərbaycanın işğal olunmuş torpaqların azad edilməsini nəzərdə tuturdu.

R. SOLTANOV