Azərbaycana xaricdən daha çox pul vəsaiti daxil olacaq

18 Aprel 2019 09:45 (UTC+04:00)

Azərbaycana xarici investorların marağı daha da artır. Bu da səbəbsiz deyil. Adətən xarici investorları sərmayə yatırmaq istədikləri ölkənin iqtisadi durumu və siyasi cəhətrdən sabit olması maraqlandırır. Yəni əcnəbi sərmayəçilər adətən pulu riqslərin az olduğu ölkələrə yatırmaqda maraqlıdırlar. Azərbaycana gəldikdə, ölkəmiz xarici investorların bu istəklərinə tamamilə cavab verən ölkələrdəndir. Hətta son aylar ölkəmizdə həyata keçirilən islahatlar da xarici sərmayədarların diqqətini Azərbaycana yönəldib. Onu da qeyd edək ki, xarici investorların Azərbaycan iqtiadiyyatına olan marağı həm enerji, həm də qeyri-neft sektoruna yönəlib. Yəni əcnəbilər hər iki sahəyə maliyyə yatırmaq niyyətindədir. Azərbaycan isə indiki şəraitdə istəyir ki, əcnəbi investorlar daha çox ölkəmizin qeyri-neft sektoruna maraq göstərsinlər. Son illər məhz bunun da baş verdiyini müşahidə edirik. Xaricilərin marağının artması fonunda ölkəmizin qeyri-neft sektoruna daha çox həcmdə əcnəbi sərmayə axınının gəlməsi mümkündürmü və bu vəziyyət Azərbaycana nə vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bir sıra mühüm əhəmiyyətli addımların atılması fonunda ölkəmizin qeyri-neft sektoruna daha çox xarici sərmayə axınının şahidi ola bilərik: “Əslində, Azərbaycanda enerji sektoruna investisiya yatırımı məsələsində heç zaman problemlər olmayıb. Dünyanın böyük şirkətləri hələ keçən əsrin 90-cı illərin əvvəllərindən ölkəmizdə enerji sektoru sahəsində çox mühüm və böyük layihələrə imza atıblar. Bütün bu müqavilələr də parlament tərəfindən təsdiqlənməklə çox üstün bir hüquqa malikdir. Bu müqavilələr dəyişdirilməz bir hala gətirilib. Ona görə də enerji sektorunda çalışanlar üçün kifayət qədər münbit şərait yaranıb. Problemlər qeyri-neft sektoru ilə bağlı olub ki, burada investisiyaların həcmi və sürəti qənaətbəxş olmayıb. Nəticədə bu sahəyə diqqətin artırılmasına ehtiyac yarandı.

Son illər, əsasən də axırıncı 3 ildə qeyri-neft sahəsilə bağlı müəyyən addımların atılması, yeni investisiya xəritələrinin tətbiqi, investorlar üçün brifinqlərin keçirilməsi ilə yanaşı, Azərbaycan nümayəndə heyətlərinin xarici investorlarla görüşləri artdı. Amma hələ də istədiyimiz, yəni Azərbaycanın ehtiyacı olan səviyyədə xarici investorların qeyri-neft sektoruna gəldiyini söyləmək tezdir. Bunun üçün müəyyən addımların daha da sürətləndirilməsinə ehtiyac vardır. Amma sevindirici hal odur ki, son üç ildə qeyri-neft sahəsinə xarici investorların gəlişi hər il artan xətlə gedir. Amma hələlik həcm olaraq proses tam qənaətbəxş deyil. Həmin investisiyanın artırılma potensialı Azərbaycanda kifayət qədər yüksəkdir. Xarici investorların gəlişi sürətlənərsə, investisiyalar artarsa, təbii ki, bu əlavə iş yerlərinin açılması, müxtəlif vergi növlərindən büdcəyə əlavə daxilolmalar və rifah halının yüksəlməsi, ümumi makroiqtisadi sabitlik üçün önəmli sahə olacaq. Amma dediyim kimi, bəzi problemlərin aradan qaldırılması, qanunvericiliyin beynəlxalq standartlara cavab verməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü kimi məsələlər də həll olunmalıdır. Onların həll olunması ilə Azərbaycana gələn xarici investorlarda həcm və say baxımından ciddi artımların olacağını müşahidə edəcəyik”.

İqtisadçı ekspert Fuad İbrahimli qeyd etdi ki, xarici marağın artması fonunda ölkəmizə daha çox həcmdə əcnəbi investisiya axını baş verəcək: “Son dövrlər əsasən də neftin qiymətinin aşağı düşməsilə, tək ölkəmizdə deyil, neftə bağlı əksər ölkələrdə müəyəyn iqtisadi çətinliklər yaşandı. Həmin andan başlayaraq Azərbaycan dövləti bu məsələyə çevik reaksiya verməyə başladı. Bu çeviklik də özünü aydiyyatı üzrə qanunvericilikdə edilən dəyişikliklərdə, sahibkarlığın qorunması və inkişafı istiqamətindəki layihələr, problemli kreditlərlə bağlı verilən sərəncamlarda göstərdi. Bununla yanaşı son on illikdə ölkəmizdə infrastruktur dəyişikliyi, yeni layihələrin işlənməsi, regional səviyyədə layihələrin Azərbaycanda keçirilməsi, bunların hamısı indiki vəziyyətdə ölkəmizdə əlverişli sintez yaradıb. Həmin sintezin nəticəsi olaraq da, Azərbaycanda investisiya üçün cazibədar ölkəyə çevrildi. Baxmayaraq ki, dövlətimiz münaqişə zonasında yerləşir, buna rəğmən siyasi sabitlik və iqtisadi sahədə tarazlığın bərqərar olması, qanunvericilik bazasının daha da təkmilləşməsi Azərbaycanın investisiya baxımından cazibədar ölkəyə çevirib.

Artıq qeyri-neft sektorunun inkişafı yolunda kifayət qədər işlər görülüb. Onun nəticəsidir ki, qeyri-neft sektoruna investisiya, xüsusən də əcnəbi sərmayə axınında xüsusi aktivlik müşahidə olunur.  Bu da öz növbəsində qısa zamanda öz töhfəsini verəcək. Bir çox sahələr üzrə isə hətta artıq töhfə verib”.

R. SULTANOV