Erməni yalanlarına növbəti zərbə

20 Aprel 2019 09:18 (UTC+04:00)

Qəzetimizin ötən saylarında ukraynalı tədqiqatçı, tarixçi, erməni əsilli məşhur bloqçu Filip Ekozyansın erməni xalqına müraciəti barədə yazmışdıq. Onun sözlərinə görə, erməni xalqının düşdüyü qəfəsdən çıxış üçün yolu var: “Əvvəlcə heç vaxt ermənilərin olmayan torpaqları tələb etməkdən əl çəkmək lazımdır. Bizim bunun üçün nə hüquqi, nə də mənəvi cəhətdən heç bir haqqımız yoxdur. İkincisi, qondarma soyqırımdan danışmağa və türk xalqını cinayətkar adlandırmağa son qoymaq lazımdır. “Soyqırım” sözü xalqımızı məhv etməyə cəhd göstərmək anlamına gəlir. Ancaq türk xalqı heç vaxt bizim xalqımızı məhv etməyə cəhd göstərməyib. Türk xalqını soyqırımda günahlandırmaq - bu, artıq tibbi axmaqlıq deməkdir. Düşünün ki, heç bir insan, heç bir insan dəstəsi, hətta kifayət qədər böyük olsa belə, bütün xalqla eyniləşdirilə bilməz. Bu cür eyniləşdirmə bizim şüurumuzun manipulyasiyasından artıq bir şey deyil. Bu cür manipulyasiyanın nəticəsi nifrətdir və bu nifrət Ermənistanın qonşuları ilə münasibətlərini yoluna qoymasına heç cür imkan vermir”.

Ekzoyansın etirafları ilk və yeni deyil, amma əsaslıdır. Bundan əvvəl də erməni xalqının nümayəndələri arasında bu tip çağırışlar olub və həqiqəti dünyaya car çəkib. Lakin indi erməni millətçilərinin və saxtakar alimlərinin yalanlarının ifşa olunması artıq dünya miqyasına çıxır. Bu günlərdə ingilis əsilli amerikalı alim, tarix elmləri doktoru, professor, Beynəlxalq Münasibətlər Nəzəriyyəsi və Tarixi kafedrasının müdiri Con Habrs faktların, əlyazmaların, Qafqaz tarixinə dair xəritələrin uzun müddət araşdırılmasından sonra belə bir fikrə gəlib ki, Cənubi Qafqazda  XIX əsrə qədər Ermənistan adlı dövlət olmayıbvə o gəldiyi bu nəticəni istifadəçisi olduğu sosial şəbəkə vasitəsi ilə beynəlxalq informasiya məkanında yayıb. Alim öz qənaətində o qədər əmindir ki, hətta bunu təkzib və sübut edənə yüksək məbləğdə mükafat da verə biləcəyini deyir: “XII əsrdən XIX əsrə qədər Ermənistanın hökmdarı və paytaxtı barədə mənə nəsə danışacaq şəxsə 1.000.000 (bir milyon dollar) ödəyəcəm”.

Sosial şəbəkə istifadəçilərinin yazdıqları şərhlərdən belə aydın olur ki, Con Habrs Ermənistanla bağlı tarixi faktları paylaşmasından sonra erməni hakerlər üçün hədəfə çevrilib. Erməni istifadəçilər tərəfindən çoxsaylı şikayətlərdən sonra Habrsın sosial şəbəkə hesabı ilə yanaşı “Vikipediya” səhifəsi də silinib. Bu həkətləri ilə ermənilər bir daha terroçu olduqlarını və tarixlərini də terror vasitəsi ilə yaratdıqlarını təsdiqləyiblər.

Türkiyəli tarixçi, professor İlbər Ortaylı isə bildirir ki, ermənilər Anadoluya qərbdən, Balkanlardan gəliblər: “Ermənilər urartuluları öz əcdadları hesab edirlər. Ermənilər Anadoluya qərbdən, Balkan yarımadasından gəliblər. Onların urartulularla bağlılığı yoxdur. Böyük ehtimalla urartuluların çeçenlərlə bağlılığı var. Lakin onların da Anadoludan Qafqaza, Qafqazdan Anadoluya getdikləri bəlli deyil. Ermənilər Qafqaza sonradan yerləşiblər. XVIII yüzilliyə qədər bu regionda erməni sayı olduqca az idi. Qafqazda ən hegemon etnos və dil şübhəsiz ki, türk və türkcədir. Burada Oğuz ləhcəsi danışılır”.

Bu ərəfədə  rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda keçirilən konfransda çıxışı zaman deyib ki, ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər və hər bir xalq mövcudluğunu davam etdirmək və inkişafa nail olmaq üçün öz ideologiyasını formalaşdırır: “Ona görə də hər bir xalq özünüdərkdən çıxış edərək ya özü üçün tarix yaradır, ya da öz həqiqi keçmişi ilə fəxr etmək və öz gələcəyini qurmaq üçün öz irsini öyrənir”.

Ötən ilin avqustunda Azərbaycanın işğal edilmiş ərazisində yaşayan erməni əhali də Qarabağın azərbaycanlılara məxsus olmasını təsdiq etmək üçün mitinq keçirməyə cəhd göstərmişdi. Lakin separastçılar həmin adamlara “satqın” damğası vuraraq mitinqin keçirilməsinin qarşısını almışdı.

Bu günlərdə başqa bir şəxs, Ermənistanda doğulub böyümüş, millətçilərin yalanlarına uyaraq Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak etmiş “müharibə” veteranı, əlil Artur Armenyan özünün  Feysbuk səhifəsində həmvətənlərinə müraciət ünvanlayıb və  Ermənistanın bütün zabit və əsgərlərinin Qarabağı tərk etmələri üçün çağırış edib.

Saxtakarlığın bu cür total ifşası heç şübhəsiz, həqiqətin gündəmi zəbt etməsi və regionda sülhün bərqərar olması baxımından çox əhəmiyyətlidir.

N.NOVRUZ