İran Xəzər sularını nasoslarla ərazisinə çəkir

24 Aprel 2019 07:00 (UTC+04:00)

Bu günlərdə İranın energetika naziri Reza Ardakanyan bildirib ki, Xəzər dənizindən suyun nasosla İranın quruyan şimal əyalətlərinə yönəldilməsi istiqamətində verilən təklif ölkə parlamenti tərəfindən qəbul edilib. Hətta bu istiqamətdə onun bildirdiyinə görə, pilot layihənin icrasına da başlanılıb.

Qonşu ölkə rəsmisi onu da qeyd edib ki, bu barədə son qərar bütün sınaqlar başa çatandan sonra veriləcək: “Bu sulara çıxış əldə etməyimiz quraqlıq probleminin öz həllini tapacağına ümid yaradır”.

Layihəyə əsasən Mazandarandan Semnana qədər uzanan 200 km-lik kəmərlə Xəzərdən gətiriləcək su qıtlıqdan əziyyət çəkən kənd təsərrüfatı və sənaye sahələrində yaranan problemlərin həllinə xidmət edəcək. Layihəyə görə sözügedən əraziyə hər il 100 milyon kubmetr şirinləşdirilmiş su çıxarılacaq. Amma onu da xatırladaq ki, nasosla gətirilən duzlu su təmizlənərək şirinləşdirildikdən sonra yerdə qalan duzun yenidən Xəzərə atılacağı gözlənilir. İran rəsmiləri isə dəniz suyunun həcminin 80 min milyard kub olduğunu əsas gətirərək bu layihənin Xəzər üçün heç bir neqativ effekt verməyəcəyi qənaətindədirlər. Ancaq iranlı nazir deyib ki,  ölkəsi təmiz duzu, duzlu gildən ayırmağa imkan verən texnologiyaya malikdir. Ona görə də duz gili yenidən Xəzərə axıdılmayacaq. İranın bu istəyi Xəzər dənizinə hansı problemlər yaşada bilər?

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyevin fikrincə, İranın sözügedən layihəsi Xəzər dənizi üçün ciddi fəsadlar törədə bilməz: “Xəzər dənizində ən çox duzluluq təbii ki, Türkmənistan və İran sahillərində müşahidə edilir. Ən şirin yer isə dənizin şimalındadır. Volqa çayının diapozonunda ondan şirin su kimi də istifadə etmək olar.

Azərbaycan sahilinə gəldikdə isə burada 14 promille qədər, yəni bir litr dəniz suyunda 14 qram duz var. Azərbaycanın cənub sahillərində isə bu rəqəm 16-17 qram civarında ola bilər. Bu mənada həmin rəqəmlər o qədər də qorxulu hesab oluna bilməz. İldə 100 milyon kub su götürülməsi də Xəzər dənizi üçün hər hansı bir ciddi təhlükə törətməyəcək. Ondan çıxarılacaq duz da elə böyük rəqəm olmayacaq ki, bunun da dənizə hər hansı bir neqativ təsirləri olsun. Çünki Xəzər də dünyanın ən böyük göllərindən biridir. Ona görə də, İranın bu layihəsi gerçəkləşsə belə, onun dəniz üçün ciddi fəsadlar törədəcəyinə inanmıram. Bu addımın indilikdə ekoloji problemlərə yol açacağını düşünmürəm. Sonrasına baxarıq. Bəlkə, gələcəkdə Azərbaycan özü də bu layihə ilə işləməli olacaq. Hələlik məsələ layihə çərçivəsindədir. Bu mənada onun tamamilə gerçəkləşəcəyi də hələlik sual altındadır.

Azərbaycanda, İranın özündə, dünyada belə artıq su problemi yaranır. Xəzər dənizi üçün 100 milyon kub su elə də böyük rəqəm deyil ki, onun nasosla çəkilməsi  hansısa problem yaratsın. Göstərilən bu rəqəm Xəzər dənizi üçün cüzidir. Bu rəqəm dənizin ümumi su həcminin milyonda biri qədər belə deyil. Xəzər böyük göldür. Orada belə layihələrlə hansısa bir problem ola bilməz. Ancaq gələcəkdə necə olacağı, qonşu dövlətlərin də belə niyyətlərinin olub-olmayacağı da hələlik bilinmir. Əsas odur ki, suvarılandan sonra şoranlıqdan çıxarılan su Xəzərə axıdılmasın. Çünki bu suyun tərkibində kübrə suyu, herpisit var”.

R. SOLTANOV