"Oğlumla fəxr etmirdim, indi isə..." - Aydın Xırdalanlının anası

13 May 2019 13:13 (UTC+04:00)

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum meyxanaçı Aydın Xırdalanlının həyatından danışılıb.

Axşam.az-ın məlumatına görə, mərhumun anası Bikəxanım Quliyeva övladı haqda danışıb. Xatirələrini bölüşən Bikəxanım bildirib ki, övladı ilə fəxr etməyib:

"Aydın ilk övladımdır... O, mənim xəyallarımı həyata keçirən oğul idi. Onu hər zaman bir şair və musiqiçi kimi görmək istəyirdim, çünki mən özüm də o həvəslə yaşamışam. Müəllimləri həmişə şikayət edirdi ki, dərsə mane olur, sinifdə meyxana deyir. Mənə hətta qızımdan belə yaxın idi. 2006-cı ildə, 29 yaşında evləndi. Övladı olmadı. Qardaşı da dedi ki, övladımın birini verim sənə, istəmədi.

Dünyasını dəyişdiyi gün səhər dedi, nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar, amma dedi ki, uzanmıram burada öz ayağı ilə evə gəldi. Elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq ki, 2 gün sonra apararıq yenə həkimə. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23 ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim, gördüm, yox... Təcili yardım çağırdıq, gec idi.

Dünyasını dəyişənə qədər onunla fəxr etmirdim. İndi onunla fəxr edirəm".