Azərbaycan təcrübəsi və ingilis qarayaxma kampaniyası... – Bəs faktlar nə deyir?

13 May 2019 13:35 (UTC+04:00)

Diqqət! Dünyanın bütün nəzəri növbəti dəfə Bakıya yönəlir...Azarkeşlərin səbirsizliklə gözlədiyi, 2018-ci ilin dekabr ayından etibarən biletləri satışa çıxarılan UEFA-nın Avropa Liqasının final oyunu yaxınlaşır. Söhbət may ayının 29-da UEFA-nın Bakıda keçiriləcək final oyunundan gedir. Məhz həmin gün bütün dünyanın, milyonlarla futbol azarkeşinin nəzərləri Azərbaycana - paytaxt Bakıya – Bakı Olimpiya Stadionuna yönələcək. Amma buna təkcə idman yarışı kimi baxmaq doğru deyil, bu final oyunu dövlətimizin qüdrətinin, Azərbaycanın növbəti dəfə iqtisadi gücünün, bütün dünya dövlətləri üçün mühüm mərkəz olmasının göstəricisi və ölkəmizdəki ictimai-siyasi sabitliyinin tanıdılmasıdır. Bundan öncə də, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları, mədəni, iqtisadi tədbirlər sübut etdi ki, dünyada beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi etmək üçün ən təhlükəsiz ölkə məhz elə Azərbaycandır. Ancaq belə bir mühüm ərəfədə Qərbin ənənəvi təxribatçı, anti-Azərbaycan dairələrinin ölkəmizə qarşı ədalətsiz hücumlarının növbəti mərhələsi və qarayaxma kampaniyası başlayıb. Heç şübhəsiz ki, Azərbaycan ictimaiyyəti bu mənzərə ilə ilk dəfə qarşılaşmır. Xalqımız dəfələrlə şahidi olub ki, həmin anti-Azərbaycan dairələr ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində hər dəfə mənfur planlar qurub, qərəzli, qeyri-obyektiv və heç bir əsası olmayan qarayaxma kampaniyalar təşkil ediblər. Məsələn, 2012-ci ildə Euroviziya, 2015-ci ildə Avropa Oyunları və 2016-cı ildə İslam Həmrəylik Oyunları ərəfəsində məkrli və qərəzli ssenari ilə ölkəmizə qarşı kampaniyalar aparırdılar. Eyni zamanda, Azərbaycanda qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi, nəqliyyat, enerji layihələrinin reallaşdırıldığı, dünya əhəmiyyətli müzakirələrin aparıldığı və bütün dünya üçün mühüm tezislərin müəyyənləşdirildiyi Bakı görüşləri ərəfəsində dəfələrlə süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyaların hədəfinə çevrilmişik.
Bəs Azərbaycanı bu dəfə hansı iddialarla hədəf seçiblər? -“Human Rights are violated in Azerbaijan” qovluğu...


Əslində anti-Azərbaycan dairələrin iddiaları heç də dəyişməyib, kifləşmiş, “papka”laşdırılmış, hər dəfə üzərində xüsusi ştrixlərlə yazılmış “Human Rights are violated in Azerbaijan” adlı bəyanat tipli təxribatçı çağırışlar bu dəfə də eyni məzmunludur. İddia olunur ki, Azərbaycanda qanunların aliliyi qorunmur, insan hüquq və azadlıqları pozulur. Müqayisəli formada tarixə ekskurs edək, bu günə qədər hansı ölkədə insan hüquq və azadlıqlarının daha çox pozulduğunun şahidi olacağıq. Məsələn, Böyük Britaniya... Müasir siyasi tarixdə insan hüquqlarının vandal və kütləvi şəkildə pozulması hallarına daha çox Böyük Britaniya tarixində rast gəlinir. 1981-ci ildə irlandiyalı Bobbi Sends və onlarla digər şəxslər insanların hüquqalrını müdafiə etdiklərinə görə Meyz həbsxanasına salınır. B.Sends həbsxanada ola-ola parlamentin ən cavan üzvü seçilir və bu hadisə Böyük Britaniya hökumətini daha da aqressivləşdirir, bundan sonra həbsdə olan şəxslərə seçkidə iştirak etmək hüquq verən qanun ləğv edilir. Böyük Britaniya hökuməti həbsdə olanların elementar tələblərini təmin etmədi, nəticədə B.Sends aclıq aksiyasının 66-cı günündə vəfat etdi. Onun dəfninə 100 000 insan gəlir və hökumət minlərlə insanı həbs edir, yaxınlarını təqiblərə məruz qoyur. Məhz həmin vaxt B.Sendsdən başqa insan hüquqlarını müdafiə edən digər şəxslər – Frensis Hyuz, Reymond Makriş, Maykl Devayn, Tomas Makeilvi, Kiran Doherti, Martin Hörson, Petsi Ohara da aclıq aksiyası zamanı vəfat edirlər. Ən dəhşətlisi budur ki, İngiltərə hökuməti on illər boyu kin qovur, insan hüquq və azadlıqları, öz xalqının taleyi uğrunda mübarizə aparan şəxslərin cəsarətini unuda bilmir və 2008-ci ildə həmin hadisələrlə bağlı çəkilən “Aclıq” filmi nümayişinə mane olur, filmin rejjissoru həbs edilir.
Bu ilin aprel ayının 19-da Böyük Britaniyanın nəzarətində olan Şimali İrlandiyanın Londonderry şəhərində etiraz aksiyaları zamanı xanım jurnalist, 29 yaşlı Lyra Mkee öldürüldü. İngiltərə hökuməti bu jurnalistin irlandiyalı katoliklərin İngiltərə ağalığına qarşı ayağa qalxmasının 100 illik yubileyi ilə bağlı keçirilən aksiya zamanı öldürülməsinə hələ də göz yumur. Səbəbi bəllidir... İngiltərə hökumətindən xəbərdarlıq alan jurnalist növbəti dəfə amansızcasına qətlə yetirildi. İngiltərədə, digər Avropa ölkələrində, eləcə də, ABŞ-da xüsusi işgəncələrlə öldürülən siyasətçilər, jurnalistlərin adını saymaqla bitməz. Monarxiya dövlətinin demokratik dövlətlərə insan ühquq və azadlıqlarından "dərs” deməsi ayrı bir dərddir. İldə bir dəfə şahzadələrinə toy etməklə bütün ingilis xalqını orta əsrin feodolizm məfkurəsindən xilas olmağa imkan verməyən İngiltərə UEFA-nın final oyununun Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığını iddia edir. 
Azərbaycanın final oyununa hazırlığı...  
May ayının 29-da UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün bütün tədbirlər görülüb. AZAL tərəfindən 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London-Bakı-London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün çarter reyslər təşkil olunacaq.İddia edirlər ki, Azərbaycanda otellər bahadır. Paytaxtımızda 20-30 dollardan başlayan qiymətlərlə kifayət qədər fərqli otellər mövcuddur. Təbii ki, bir qədər bahalı otellər də var və bu da həmin otellərdə göstərilən xidmətlə əlaqədardır. Gülməlidir, sanki İngiltərədə 20-30 dollara beşulduzlu otellərin qapısı açıqdır. Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellərin mövcudluğu xarici qonaqların yarış ərəfəsində rahatlığını təmin edəcəyinə hər kəs əmin ola bilər. Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin, dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır. Yarışla əlaqəli olan bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəfəqiyyətlə keçirilməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar. Ölkəmiz “Formula-1”, Avropa Oyunları, Evroviziya, İslam Həmrəylik Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malikdir. AZAL Böyük Britaniyaya və geri olan reyslərə ən aşağı qiymətlərdən başlayaraq uçuş qiymətləri tətbiq edir. Və bu mövcud beynəlxalq qiymətlərdən daha aşğıdır. Arsenal klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın Azərbaycana gəlib yarışlarda itşriak etməsində də heç bir problem yoxdur. Azərbaycan bununla bağlı ən yüksək təhlükəsizlik zəmanət verir. Axı bundan əvvəl də erməni idmançılar dəfələrlə ölkəmizdə olublar, hətta dövlət başçısı onlara şəxsən mükafat təqdim edib. Ümumiyyətlə, erməni idmançıların Bakıya gəlişi zamanı indiyə qədər heç bir xoşagəlməz hal baş verməyib. Bu idman yarışıdır və hər bir idmançının, ararkeşin, turistin təhlükəsizliyinin ən yüksək səviyyədə qorunması üçün tədbirlər görülüb. Nəzərə almaq lazımdır ki, Avropa ölkələrində baş verən cinayət hadisələrinin sayı Azərbaycanda baş verən cinayət hadisələrinin sayından qat-qat çoxdur. Həmçinin, Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınır və indiyəq dərə ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər zamanı heç bir insident, mənfi hal baş verməyib. 
İğtişaş törətməkdə tərcübəli olanlara xatırlatma...
      Uzağa getməyək, elə dünən- mayın 11-də ingilis futbol azarkeşləri Marseldə iğtişaş törətdilər. Marsel polisi gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qaldı. İngilis fanatlar xeyli sayda insana xəsarət yetirdilər. İngilis fanatlardan biri restoranlardan birinin işçisinə hücum etdi, başqa bir fanat isə qadını döydü. Dünyanın elə bir stadionu qalmayıb ki, ingilislər orada günahsız azarkeşlərə qəfil hücum keçib xəsarətlər yetirməsinlər, hətta ingilis fanatların öldürdüyü insanların sayı da az deyil. Elə bu baxımdan ingilis fanatlar bir o qədər də arzuolunan qonaq olmasalar da, buna baxmayaraq, Azərbaycan hər bir kəsin təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə hazırdır və ortada böyük bir təcrübə var. Azərbaycanda UEFA Avropa Liqasının final oyununun keçirilməsini məqsəduyğun olmadığını iddia edən anti-Azərbaycan dairələr nədənsə, sadəcə pafoslu çağırışlardan başqa heç nə bacarmırlar, bu yarışın Azərbaycanda keçirilməməsi üçün tutarlı əsaslı fakt və dəlil göstərə bilmirlər. Bütün bu amilləri nəzərə alsaq, Azərbaycana qarşı yönələn yersiz iddiaların nə qədər qərəzli olduğu bir daha ortaya çıxır. Şübhəsiz ki, beynəlxalq tədbirlər, yarışlar ərəfəsində hər dəfə Azərbaycanı hədəf seçməkdə məqsəd ölkəmizin günbəgün artan nüfuzuna zərbə vurmaqdır və bu, eyni zamanda dünyanın müxtəlif ölkələrini bürüyən təlatümlərin Azərbaycanda da baş verməməsinə olan qısqanc münasibətin nəticəsidir.

SAMİR FEYRUZ