Ziyafət Əsgərov: Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlətdir

22 May 2019 15:42 (UTC+04:00)

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Movqe.az-ın məlumatına görə, gündəlikdəki məsələləri Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim edib.

Komitə sədri bildirib ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə” məsələ qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.

Z.Əsgərov bildirib ki, Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlət olduğu üçün ölkəmizdə müvafiq hüquqi bazanın möhkəmləndirilməsinə ciddi diqqət yetirilir.

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə məsələyə baxılıb. Bildirilib ki, bu sənəd cari ilin 7 aprel tarixində Ər-Riyadda imzalanıb.

Fikir mübadiləsində deputatlar Sazişin əhəmiyyətini yüksək dəyərləndiriblər.

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə” məsələni şərh edən I vitse-spiker qeyd edib ki, dəyişiklik redaktə xarakterlidir, uyğunlaşdırma məqsədi daşıyır.

Komitədə baxılan qanun layihələri plenar iclasa tövsiyə olunub.