Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqların İdarəetmə Mərkəzinin yaradılması təklif edilib

4 İyun 2019 12:20 (UTC+04:00)

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda həm muzey, həm uşaqlar üçün əyləncə məkanları, kafe, 500 nəfərlik amfiteatr yaradılıb.

Movqe.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu da turistlər üçün cəlbedici etmək üçün orada nələrsə yaradılır: “Yaxın zamanlarda orada muzey, uşaqlar üçün əyləncə məkanı yaradacağıq. Eyni zamanda əcnəbi turistlər üçün qiymətləri bir qədər yüksəltməyə nəzərdə tuturuq. 18 yaşa qədər uşaqlar üçün pulsuz, yerli əhali üçün 2 manat olacaq. Amma əcnəbilər üçün qiyməti bir qədər fərqləndirmək istəyirik”.

Agentlik sədri bildirib ki, bu təcrübə başqa ölkələrdə də var: “Hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruq fəaliyyət göstərir. Qoruqların bəzilərində müəyyən işlərinin görülməsinə ehtiyac var. Biz qoruqlarla bağlı publik hüquqi şəxs qismində yeni qurumu - Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasını təklif etmişik. Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Qoruqların həmin mərkəz vasitəsilə idarə olunması təklif edilir. İstəyirik ki, proseslər şəffaf keçsin”.

F. Nağıyev qeyd edib ki, qoruqlarda turniketlər quraşdırılacaq və qoruqların bütün gəlirləri görünəcək: “Həmin mərkəzin gəlirləri ehtiyacı olan başqa qoruqların inkişafı üçün yönəldiləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.

Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.