Bazarlarda satılan, mövsümə uyğun olmayan meyvələrdən gələn böyük təhlükə

11 İyun 2019 09:12 (UTC+04:00)

Azərbaycan bazarlarında bu gün müxtəlif çeşidli meyvə və tərəvəzlər, bostan bitkiləri satılır. Lakin çeşid bol olsa da, bir sıra hallarda bazar və kənd təsərrüfatı yarmarkalarında mövsümə uyğun olmayan meyvə və bostan bitkilərinin satıldığının şahidi oluruq. Məsələn, indidən bazarlar yemiş, xüsusən də qarpız, habelə hələ yetişməsinə çox qalmış alma, armudla doludur. Halbuki günün bu günü onların tam yetişməsi və yeyilməsi zamanı deyil.  Mövsümə uyğun olmayan meyvələrin yeyilməsi insan orqanizmində, səhhətində hansı təhdid və fəsadlar yarada bilər?

İqtisad Universitetinin dosenti, kənd təsərrüfatı mütəxəssisi Qadir Bayramlı bildirdi ki, gübrə ilə yetişdirilib yetişməmiş bazara çıxarılıb satılan meyvələr insan orqanizmi üçün daha ciddi fəsadlar yarada bilər: “Əslində, meyvələr mövsümə uyğun olaraq yetişdirilib satıldığı halda insan orqanizmi üçün daha faydalı olur. İndilikdə, alça, gilas, tut kimi meyvələr mövsümə uyğun olaraq satılır. Ancaq bazar və marketlərdə mövsümə uyğun gəlməyən alma, qarpız, yemişin satılması hallarına da rast gəlirik.

İndiki şəraitdə bazarda həmçinin keçən ildən alan fındıq, qoz, şabalıd da görmək olar. Amma bütün hallarda Azərbaycan bazarı üçün bu istiqamətdə ciddi problemin olduğunu da düşünmürəm. Müəyyən meyvələr qiyməti baha olduğundan çox erkən vaxtlarda bazara çıxarılır. Qarpız və yemişin Azərbaycan şəraitində orqanizm üçün ən faydalı dövrü iyulun ikinci yarısından başlayır. Amma buna baxmayaraq, indidən həmin məhsullara bazarlarda rast gəlinir. Ən optimal olanı zamanında yetişən meyvənin yeyilməsidir. İndilikdə bu meyvələr alça, gilas və tutdur.

Meyvələrin ən təhlükəli tərəfi onun bazara erkən çıxarılması deyil. Düzdür, bu hal da o qədər də xoşagələn hal deyil. Prosesin daha təhlükəli təhlükəli tərəfi meyvə və tərəvəzin gübrə ilə yetişdirilərək erkən bazara çıxarılmasıdır. Bu sayaq meyvələr insan orqanizminə daha ciddi fəsadlar törədə bilər. Yetişmiş məhsullarda gübrənin fəsadları o qədər də hiss olunmur.

Amma yetişməmiş meyvələrdə daha güclü fəsadlar törədə bilir. Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı olaraq bazarlara ciddi, obyektiv və şəffaf şəkildə nəzarət etməlidir”.

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, mövsümə uyğun olmayan meyvələrin yeyilməsi onkoloji, xroniki xəstəliklərə yol aça bilər: “Qidalanma gigiyenası standartına görə hər bir regionda yaşayan etnoslar konkret olaraq ayrı-ayrı meyvələrin qidalanmasına onların yetişmə vaxtına uyğun olmaqla adaptasiya olunurlar.  Bəzi qidaların süni surətdə yetişdirilməsi, genetik modifikasiya olunmuş qidaların olması, bütün bunlar qidalanmada xeyli ciddi dəyişikliklər yaradır. Onun yaxın nəticələri barədə hələlik danışa bilmərik. Bu istiqamətdə ciddi tədqiqatlar aparılır.

Vaxtından əvvəl yetişdirilən, mövsümə uyğun olmayan məhsullara dünyanın əksər ölkələrində rast gəlmək olar. İnsanlar çalışmalıdır ki, ölkəmizdə yetişən meyvələrdən ancaq zamanında istifadə etsinlər. Yəni insanların nəfslərinə nəzarət etməsi lazımdır. Bu istiqamətdə təbliğata da ehtiyac vardır. Qida, ərzaq  təhlüküsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir.  Mövsümə uyğun olmayan meyvələrin indidən satılması korporativ maraqların nəticəsidir. Prosesə ictimai nəzarət olmadığından belə vəziyyət yaranıb.  Mövsümə uyğun olmayan meyvənin yeyilməsi insan orqanizmi üçün də müəyyən fəsadlar yarada bilər. Süni iqlim şəraitində tez yetişdirilən meyvələr gübrəli ola, onların tərkibində müxtəlif inqridentlər qala bilər.

Belə ağır metal duzlar insan orqanizminə çökməklə limfa hüceyrələri və başqa sistemlərdə ağır xroniki xəstəliklərə səbəb olur. Sonradan da onkoloji transformasiyalara şərait yaradır. Ona görə onkoloji xəstəliklərin artma tendensiyası da təsadüfi deyil”.

R. SOLTANOV