Meşədə narkotik bitkilər becərən İsmayıllı sakini saxlanılıb

12 İyun 2019 10:35 (UTC+04:00)

İsmayıllı rayonunda meşə zolağında narkotik xassəli bitkilər becərən şəxs saxlanılıb. 

Bu barədə "Report"a DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Quşencə kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 7 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxsin rayonun Quşencə kənd sakini, əvvəllər məhkum edilmiş 48 yaşlı Arif Qarayev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.