Azərbaycan Rusiyadan geri qaytarılmış pomidorun təkrar ixracına cəhd edəcək

13 İyun 2019 22:35 (UTC+04:00)

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan istehsalı olan 35 ton pomidorun Rusiyadan geri qaytarılmasına münasibət bildirib.

"Report"un məlumatına görə, sədr bu məsələ ilə bağlı pomidor ixracatçıları ilə görüş keçirilmədiyini bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də Avropa və Aralıq dənizi ölkələrinin bitki mühafizəsi təşkilatlarının üzvüdür: “Bu təşkilatlara üzv olan hər bir ölkə üzərinə müəyyən öhdəliklər götürür. İstər heyvan, istər bitki mənşəli məhsullarda kənara çıxmalar olduqda, həmin məhsulun geri qaytarılması prosesi həyata keçirilir. Eyni proseduru biz də başqa dövlətlər üçün həyata keçiririk. Son faktla bağlı onu deyə bilərəm ki, söhbət yalnız zərərvericiyə yoluxmadan gedir. Bu məhsulun daxili keyfiyyətinə aid deyil. Həmin məhsullar lazımi sağlamlaşdırıcı tədbirlər həyata keçirildikdən sonra təkrar ixracına cəhd olunur”.