Qəbələdə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb

14 İyun 2019 15:37 (UTC+04:00)

Qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində şəhərdə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb.

“Azərsu” ASC tərəfindən icra olunan layihəyə uyğun olaraq Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə 10,5 km magistral su xətti çəkilərək yeni şəbəkəyə birləşdirilib. Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10400 kubmetr olan 6 su anbarı, xlorator qurğusu və laboratoriya binası inşa edilib.

Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən, Qəbələ şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi sürətləndirilib və şəbəkələrin inşası başa çatdırılıb. Ümumilikdə Qəbələ şəhərində 132 km içməli su şəbəkəsi yaradılıb, 7 mindən çox abonent yeni şəbəkəyə qoşulub və sayğaclaşma işləri aparılıb.

Şəhərdə 123 km kanalizasiya şəbəkəsi və tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 8,2 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Qəbələ şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də yekunlaşmaq üzrədir.

Ümumilikdə Qəbələ şəhərində icra olunan içməli su və kanalizasiya layihəsindən 30 min nəfər faydalanacaq. Abonentlərə göstərilən müştəri xidmətlərinin yaxşılaşdırılması məqsədilə Qəbələ Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi də yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Qəbələ şəhərində 1950-60-ci illərdə yaradılmış ilk su təchizatı və kanalizasiya sistemləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü.