Rauf Həbibova qarşı elə bir arqument tapılmır
3 Aprel 2012 19:24 (UTC+04:00)
"Quba bələdiyyəsinin sədri Elxan Əliyevin rayonda çox böyük hörməti
var. Qubalıdır, xalq onu sevir". 53 saylı Quba-Qusar seçki
dairəsindən deputat, Milli Məclisdə hakim Yeni Azərbaycan
Partiyasını təmsil edən deputat Yevda Abramov "Media forum" saytına
belə deyib.
Deputat bildirib ki, Quba hadisələrinə görə aparılan istintaqın
materialları ilə tam tanış olmayınca bələdiyyə sədri Elxan Əliyevin
bu işdə günahının olub-olmadığını söyləyə bilməz: "Onun ifadələrini
oxumayınca bunu deyə bilmərəm. Hadisələrə görə ən sonuncu həbs
olunan şəxs Elxan Əliyevdir. Onu niyə ən axırda həbs ediblər?
Deməli, ya əvvəl tutulan insanlar onun adını hallandırıblar, ya da
istintaq belə qənaətə gəlib ki, onun hadisələrdə rolu var. Amma mən
Elxan Əliyevi xeyriyyəçi kimi tanıyıram. Xüsusən də gənclərin
tərbiyəsi və idman məsələlərində Elxan Əliyevin çox böyük rolu
var.
Son zamanlar bələdiyyə sədri kimi Qubanın abadlaşdırılmasında da
çox aktiv iştirak edib. Onu da deyə bilərəm ki, keçmiş icra başçısı
Rauf Həbibovla bələdiyyə sədri Elxan Əliyevin münasibətləri həmişə
səmimi olub, onlar dostluq ediblər, bir yerdə çörək yeyiblər,
şəhərin abadlaşdırılmasında eyni mövqedə olublar.
Elxan Əliyevi çoxdan tanıyıram, hətta valideynləri ilə tanışıq.
Onun hansısa pis işlərlə məşğul olmasına, icra başçısının
vəzifəsindən uzaqlaşdırılması üçün nəsə planlaşdırmasına inanmıram.
O, belə niyyəti olan insan deyil. Ancaq heç kim heç nədən
sığortalanmayıb".
Deputat deyib ki, Rauf Həbibovun qalmaqala səbəb olan çıxışını
etdiyi iclasda olmayıb, iclasdan çəkilişə də tam baxmayıb: "Yalnız
internetdə yayılan videoya baxmışam".
"Sizcə, Qubanın keçmiş icra başçısı Rauf Həbibova da cinayət işi
açılmalıdırmı" sualına Yevda Abramov belə cavab verib: "Əgər keçmiş
icra başçısının müəyyən günahları sübuta yetirilibsə, təbii ki,
istintaq orqanları keçmiş başçı üçün də iş açar. Amma hesab edirəm
ki, elə bir arqument tapılmır. Çünki indi üzə çıxır ki, internetdə
yayılan video ümumi mətndən götürülüb, kontekstdən çıxarılıb və
qubalıları aşağılayan cümlələr saxlanmaqla yayılıb, orada tam
məzmun verilməyib. Ola bilər ki, mübtədanın arxasında olan xəbər və
tamamlıqlar başqa məna daşıyıb. Amma insanlar emosiyaya qapıldılar,
tələm-tələsik bu işə başladılar. İndi buna qiymət vermək istintaq
orqanının işidir".