“Yanardağ”a turistlər üçün giriş 9 manatdır

21 İyun 2019 11:36 (UTC+04:00)

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna giriş haqqı cari ilin avqust ayının 1-dən etibarən xarici turistlər üçün 9 AZN olacaq.

Dövlət Turizm Agentliyindən Movqe.az-a daxil olan məlumata görə, qiymət artımı yerli turistlərə şamil olunmur. Yerli ziyarətçilər üçün bu qiymət 2 AZN, tələbə biletini təqdim etməklə tələbələr üçün 1 AZN təşkil edir. 18 yaşınadək uşaqlar, milli qəhrəmanlar, müharibə veteranları, I və II qrup əlillər üçün qoruğa giriş ödənişsizdir.

Bundan əlavə, “Yanardağ” və “Atəşgah məbədi" qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 AZN-lik biletlər, həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur.

Qeyd edək ki, təbiət qoruğu əsaslı rekonstruksiyadan sonra iyunun 12-də fəaliyyətə başlayıb.