LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

22 İyun 2019 07:40 (UTC+04:00)

Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaradıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)», 14 aprel 2009-cu il tarixli «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» və 2014-cü il 27 fevral tarixli «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açıb, insanların kəndlərdən şəhərlərə axınının qarşısını alıb, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan verib.

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafi dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunmuş konfransda bölgələrin inkişafı üçün dördüncü dövlət proqramının da hazırlandığını diqqətə çatdırıb. Ötən illərdə görülən tədbirlərə rəğmən, əlavə dəyərin formalaşdırılmasına özünü göstərən fərq sayca dördüncü Dövlət Proqramının qəbulunu da zəruri edib.

Statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 46,7 mlrd. ABŞ dollarına çatıb. 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artıb. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasında arasında kəskin getdikcə azalır. Dövlət proqramları nəticəsində regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması inkişafdakı tarazlığı təmin edib. Yalnız onu demək kifayətdir ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də Azərbaycan Prezidenti İlham Əliyevin regional siyasətinin uğurlarının əyani təcəssümüdür.

Son 15 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edib. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləyib, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan edib. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləyib, bu münasibət konkret qərarlarla müşayiət olunub. Anti-inhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərlə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.

Dövlətimizin rəhbəri Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Dövlət başçısının son illərdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm, habelə Apellyasiya şuralarının, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması iqtisadi islahatların səmərəliliyi yüksəldib. Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Bu baxımdan 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında", 20 aprel 2016-cı il tarixli “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında, 19 may 2016-cı il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları», 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında" və digər sənədlər ölkədə sahibkarlığın inkişafına ciddi təkan verib, ölkəmizin qlobal böhran meyillərinə çevik müqavimətini təmin edib.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyib. İclasda səslənən statistik rəqəmlər dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların səmərəliliyini və insan amilinin yüksəlişinə xidmət etdiyini bir daha təsdiqləyir. Hesabat dövründə dövlət büdcəsinə vergi və gömrük orqanlarının xəttilə 200 milyon manatdan əlavə vəsait toplanıb, ümumi daxili məhsul 3 faiz, sənaye

istehsalı 4,4 faiz, qeyri-neft sektoruna sənaye istehsalı 15,6 faiz artıb. Hesabat dövründə kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə - 2,1 faiz civarında olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı pozitiv dinamikanın əyani göstəriciləri kimi qeyd olunmalıdır.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olub. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə rəqabət qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 8 ildir ki, MDB ölkələri arasında birincidir. Forumun “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır. BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan «orta insan inkişafı» qrupu ölkələrini tərk edərək, «yüksək insan inkişafı» ölkələri kateqoriyasına daxil olub.

Samir Mustafayev