Banklar girovların qiymətləndirilməsində yenə problem yaradırlar

22 İyun 2019 08:00 (UTC+04:00)

Azərbaycanda kredit verilən zaman girovlar yenə də əvvəlki tək düzgün qiymətləndirilmir. Belə ki, banklar müştəriyə kredit verərkən əvəzində girov olaraq götürdüyü hər hansı bir obyekti, məməulatı və digərlərini real qiymətindən aşağı həddə qiymətləndirməkdə davam edirlər. Prosesin belə davam etməsinin səbəbi nədir? Həmin vəziyyət hansı problemlər yaradır? Problem necə həllini tapmalıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, bankların kredit verərkən girovları düzgün qiymətləndirməmələri bir neçə səbəbdən qaynaqlanır: “Tələbin çox olması banklar üçün müvafiq şərait yaradır ki, öz kredit siyasətlərində daha radikal şərtlər tələb edə bilsinlər. Bilirik ki, xüsusən son illər banklar kredit portfelinin genişlənməsinə o qədər də maraqlı deyillər. Bu faktor banklartı daha radikal kredit siyasəti həyata keçirməyə, yaxud da verdikləri kreditləri daha çox güvənc altına alınması ilə verməyə sövq edirdi. Bunun fonunda da təklif artıq azalmağa başlayırdı. Təklifin azalması ilə də kredit portfelinin həçmi 2015-ci ildəki 25 milyarddan 2018-ci ildə 12 milyard manatadək azaldı. Yəni portfeldə  2 dəfəyə qədər azalma baş verdi. Amma real iqtisadiyyatda maliyyəyə tələbat daha da yüksəlib. Bu vəziyyət isə son nəticədə tələbə təsir göstərir. Banklar da bu imkanlardan istifadə edərək daha radikal kredit siyasəti həyata keçirirlər.

Azərbaycanda bir sıra hallarda bəzi  iqtisadi subyektlər qeyri-leqal fəaliyyət göstərir. Qeyri-leqal fəaliyyət göstərmələri səbəbindən onların kredit reytinqini düzgün müəyyənləşdirmək baxımından banklar üçün problem yaradır. Banklar belə vəziyyətdə düzgün qiymətləndirməkdə çətinlik çəkirlər. Bu şərtlər daxilində də banklar verdikləri kreditlərini sığorta altına almağa çalışır. Belədə prosesi kompensasiya etmək üçün girovları daha aşağı səviyyədə qiymətləndirmək yolunu tuturlar”.

Həmsöhbətimiz bildirdi ki, rəqabət, təklif artdıqca, tələblə təklif arasında disbalans aradan götürüldükcə, artıq bu amilin özü də mərhələli şəkildə həllini tapa bilər. O, həmçinin vurğuladı ki, girovların nominal qiymətdən aşağı qiymətləndirilməsi kifayət qədər çoxsaylı problemlər yaradır: “Girovun aşağı qiymətləndirilməsi, yaxud da girovun daha aşağı faizi nisbətində kredit təklif edilməsi, müştərinin maliyyəyə çıxış imkanlarını məhdudlaşdırır. Belə ki, banklar likvidlik məsələsini əsas gətirməklə məsələn 100 minlik əmlakı 80 min manat civarında qiymətləndirir. İndiyə kimi bankların əksəriyyəti regionlarda daşınmaz əmlakı girov olaraq qəbul etmir. Ona görə ki, likvidlik yoxur. Kreditin qaytarılması zamanı hər hansı bir problem yaranacaqsa, o halda bank kənddə olan girov obyektini on illərlə sata bilməyəcək. Bu baxımdan bank girova qiymət verərkən birinci hədəfi likvidliyi qiymətləndirmək olur. İkinci tərəfdən, daşınmaz əmlak bazarında mövcud olan risqləri nəzərə alır. Ona görə də girov məsələsində adətən neqativ ssenarilər üzərində qiymətləndirmə aparılır. Belədə, digər risqləri də aradan qaldırmaq üçün həmin 80 min manatın 60 faizi nisbətində kredit təklif edir. Belədə müştəri 100 minlik obyektini girova qoysa da, cəmi 50 min manat kredit ala bilir. Bunun da əsas problemi maliyyə çıxış imkanının məhdudlaşdırılmasıdır. İkincisi isə zərər məsələsidir. Hər hansı bir biznes subyekti girov müqabilində kredit götürür. Müxtəlif səbəblərdən öhdəlikləri yerinə yetirə bilmir. Bu zaman da onun girovu satılır. Bankın əvvəlcədən həmin girov əmlakını daha aşağı qiymətdə qiymətləndirməsi ona şərait yaradır ki, daha ucuz qiymətə hərraca çıxarsın. Burada bankın əsas marağı da ancaq öz pulunu götürməkdir. Belədə, vətəndaşın girovu ucuz qiymətə satılır və o əlavə maliyyə itkisilə üzləşməli olur”.   

R. Həsənov qeyd etdi ki, banklarla müştəri arasında belə problemlərin olmaması üçün müəyyən mexanzmlərədn istifadə olunsa da, göründüyü kimi, həmin mexanizmlər yetərli deyil: “Bu mexanizmlərdən biri minimum hansı həmcdə kreditin təklif olunması məsələsidir. Bir sıra ölkələrdə praktikada bu variant özünü doğrultmayıb. Çünki həmin vəziyyətdə bank növbədi dövrdə əsaslandıra bilir ki, müştəri əslində daha aşağı kredit istəyib və bu kredit də verilib. Fikrimcə, bu problemin aradan qaldırılması üçün yeganə yol fundamental şətrtlərin dəyişdirilməsindən keçir. Burada hansısa bir inzibati metodlardan istifadə, baryerlərin tətbiqi bazara müdaxilə hesab olunur. Amma fundamental olaraq şərtlərin dəyişdirilməsi, bazarda rəqabətin artırılması üçün uyğun mühitin yaradılması, xarici maliyyə koorporasiyaları da daxil bazar iştirakçılarının sayının artırılması son nəticədə təklifi genişləndirəcək, rəqabəti dərinləşdirəcək. Bu fonda isə banklar özləri şərtləri yüngülləşdirmək məcburiyyətində qalacaqlar”.

Rüfət NADİROĞLU