Erməni inqilabının “bic” doğulması indi ölkəni yolayrıcında qoyub

25 İyun 2019 08:45 (UTC+04:00)

İrəvana xarici təzyiq gündən-günə artır. “İnqilab” adı ilə bir il əvvəl baş vermiş hakimiyyət  dəyişikliklərindən yaranan ümidlər getdikcə puç olur. Xalq indi-indi anlamağa başlayıb ki, onları “inqilab” adı ilə aldadıblar. Düzdür, hakimiyyətin mitinqlər yolu ilə dəyişdirilməısi elə inqilab adlanır. Amma məsələ burasındadır ki, bu hadisədə nikol paşinyanlar üzdə olsalar da, əslində bu inqilabın “atası” məlum deyildi. Buna görə də o, “bic” doğulub. Yəni, səbəbkar indi məlum olsa da, başını kulisdə girlədiyindən bic sayılır. Bu, “bic övladlar” ustası məşhur Soros və onun eyniadlı fondudur. Təsadüfi deyil ki, onun övladları da adekvat olaraq “qrantovşiklər”dir.

Ancaq ortada başqa söhbət də var axı! İrəvana “analıq” edən Kreml ona “doğmalıq” münasibəti göstərir və öz əyalətlərindən heç bir səbəblə ayırmırdı. İndi sorosçular “köhnə bazara təzə nırx” qoymaq istəyirlər, amma bulmirlər ki, belə olanda “xiyar əyri bitir”.  

Baş nazir Nikol Paşinyan nə qədər Rusiyaya əbədi eşqlə bağlı olduqlarını desə də əməlində və sözsüz ki, nitqlərinin intonasiyasında bunun əksini ifadə edir. Onun tərəfdarları da bunu gizlədə bilmirlər. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsə atılması və sonra da buraxılması olayı ətrafında baş verənlər bunun bariz göstəricisidir. Kreml özünün sadiq tərəfdarı və əlaltısından istifadə edərək bu ölkədə vəziyyəti sürətlə gərginləşdirir və hər an göstərməyə çalışır ki, Ermənistan onun üçün kiçik bir quberniyasından heç nə ilə fərqlənmir.

Belə münasibət soros uşaqlarını yaman qıcıqlandırır. Bəs, necə, ortada alınıb xərclənmiş milyonlarla qrant söhbəti var. Siyasi xadimlər Soros və onun fondunun dövlətlərə göstərdikləri “xidmətlər”in nədən ibarət olduğu haqda vahid rəyə bildirirlər. Deməli, proses vətəndaş cəmiyyətlərinin inkişafından başlayır. Fond ura-ura ilə seçdiyi ölkəyə qrant layihələri göndərir. Təbii ki, müəyyən şərtlər əsasında Qərbə vurğunluqları ilə fərqlənən şəxslər layihənin icraçısı seçilir və ona ağlına belə gətirmədiyi məbləğdə qrantlar ayrılır. Sonra isə layihələrin həyata keçirilməsi prosesi başlayır.

Şərti olaraq sorosçular adlandırılan həmin seçilmiş şəxslər cəmiyyətdə gedən prosesləri izləyir, ictimai sorğular vasitəsi ilə tədqiqatlar aparır, əhalinin rəyini əks etdirən hesabatlar hazırlayır və yayırlar. Bu minvalla onlar özləri də bilmədən xarici kəşfiyyat agentliklərinin potensial casuslarına çevrilirlər. Çünki, hesabatlarda çıxarılan nəticələr sanki reallığı əks etdirsə də, əslində cəmiyyəti müəyyən istiqamətə yönəltmək üçün çağırış rolunu oynayır. Nəticədə kütlə çalxalanır və müəyyən fikirlər üzrə sosial baza formalaşandan sonra hərəkat başlayır. Guya, xalq demokratiya istəyir və bu yolla köhnə hakimiyyət yenisi ilə əvəz edilir. Buna deyirlər “rəngli inqilab”. Amma “bic inqilab” belə hərəkatların mahiyyətini daha dəqiq ifadə edir.

Düzdür, erməni cəmiyyətinə inqilab lazım idi. Düz yola qayıtmaq, işğalçı siyasətdən əl çəkmək, azərbaycanlıların soyqırımından imtina etmək, əlaltı olmaqdan qurtulmaq, iqitisadi tərəqqi yoluna çıxmaq, müstəqil dövlətçiliyə nail olmaq və sairə üçün. Amma bunların inqilabının axırı nə oldu? Bir qucaqdan başqa qucağa atılmaq, yaxud iki sevgiliyə xidmət etmək. Bu isə siyasi əxlaqsızlıqdır. Buna görə də ölkədə ikitirəlik aradan qalxmaq əvəzinə daha da dərinləşib. Rusiya səfiri siyasi səbəblərlə haqqında cinayət işi ləğv edilməmiş Robert Köçəryanla sərbəst görüşür, arada nə söhbət olursa, dalınca Konstitusiya məhkəməsinin sədri ilə görüşür və buna görə heç bir dövlət qurumuna nə bir xəbər verir, nə bir hörmət göstərir, sanki Ermənistanda XİN adlı struktur yoxdur. O biri tərəfdən sorosçu Larisa Minasyan ədliyyə naziri Artak Zeynalyanın istefasına nail olandan sonra özü kimi qrantovşiklik edən 28 yaşlı Rüstəm Badasyanı həmin vəzifəyə namizəd göstərir. Bu vəzifəyə dugər namizəd – Daniel Oanisyan da sorosçudur. Belə görünür ki, erməni cəmiyyəti sorosçularla kremlçilər arasında müəyyən mənada bölünüb və hərəsi bir tərəfə çəkməklə xalqı avara qoyublar. Belə ki, “xalqın namizədi” adlanan Paşinyan yaşına görə “ağzından süd iyi gəlməli olan” və əslində isə soros iyi verən Badasyanın namizədliyini müdafiə edir və bu adam Ermənistanın ədıiyyə naziri olur. Erməni nəşri “şam.am” yazır ki, “Beləliklə, bu gündən bizdə hər bir qeyri-insaniliyi və sərsəriliyi qanuniləşdirən sənədi imzalayan yeni nazir var. Həddi-buluğa çatmamış qrantyeyənin təyinatını alqışlayırıq, çünki onun meydana çıxması ümumi işimizə - Nikol Paşinyandan və onun düdəmədemokratiyasından yaxamızı qurtarmağa kömək edəcək”.

Əlbəttə, KİV-lərdə yeni hökumətin gözdən düşməsi haqda da yazır və bildirirlər ki, Paşinyan bunu diqqətdən qaçıra bilməz. Amma iş burasındadır ki, o, bu vəziyyətdən çıxış yolunu görmür və ya görmək istəmir. Buna görə də qalıb yol çayrıcında, hara gedəcəyini bilmir.

N.NOVRUZ