Akademik: Cümhuriyyət tarixinin öyrənilməsində ilk mənbə kimi “Azərbaycan” qəzetinin əhəmiyyəti böyükdür

27 İyun 2019 11:20 (UTC+04:00)

Bu gün “Azərbaycan” qəzetinin 100 illiyinə həsr edilmiş “Azərbaycan” qəzeti: tariximizin güzgüsü” mövzusunda elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və “Azərbaycan” qəzetidir.

Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, “Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdıdır: "Cümhuriyyət tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların ilk mənbə kimi əhəmiyyəti böyükdür. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilib. Gəncədə Azərbaycan dilində buraxılmış səhifələrin başında qəzetin adı ilə yanaşı, “Türk və islamçılığa aid məqalələrə “Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verilib".

Akademikin sözlərinə görə, “Azərbaycan” qəzeti 1918-20-ci illər ərzindəki saylarında ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib: “Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistanda yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi”.

Y.Mahmudov bildirib ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar:

"Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda “Azərbaycan” qəzeti və qəzetin ilk redaktorları barədə geniş məqalələr yer alıb. Cümhuriyyət tarixinin bəzi xadimləri ağır təqiblər şəraitində ölkəni tərk etsələr də, Üzeyir bəy onu nələr gözlədiyini bildiyi halda, heç bir yerə getmədi. Yəni vətən yolunda şəhid olmağı şərəf sayaraq ölümün gözünə dik baxdı, burada yaşadı”.

“Dövrümüzün obyektiv salnaməçisi və etibarlı arxivi” adlı məruzə ilə çıxış edən Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən “Azərbaycan” qəzeti Xalq Cümhuriyyəti zamanında çıxan “Azərbaycan”ın varisidir.

Onun sözlərinə görə, “Azərbaycan” qəzeti bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. Qəzetin ilk redaktoru Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olub: "Qəzetin səhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixi, siyasi vəziyyəti, iqtisadiyyatı, sənayesi, maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunub. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin dörd baş redaktoru olub. Onlardan yalnız Üzeyir Hacıbəyli özünün musiqi dühası ilə sovet repressiyasından xilas ola bilib. Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli ömürlərini qürbətdə, sıxıntılar içərisində başa vurublar. Xəlil İbrahimin qəbrinin harda olduğu məlum deyil. Sovet dönəmində Cümhuriyyətin qurucuları kimi, qəzetin də üzərinə qadağa qoyulmuşdu. Hətta Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu qəzetlə bağlı heç bir söhbət aparılmırdı. “Müsavat təmayüllü qəzet” deyib susurdular”.

Deputat deyib ki, “Azərbaycan” qəzeti ölkəmizin tarixi, bugünkü inkişafı və xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayıb və oynayır: “Ulu öndər Heydər Əliyev daim redaksiyamızla əlaqə saxlayıb, tövsiyə, məsləhət və iradları ilə bizi öyrədib, peşəkarlığımızın yüksəlməsinə şəxsi töhfəsini verib".

Konfransda, həmçinin “100 yaşlı “Azərbaycan” adlı kitabın da təqdimatı olub. Kitabda ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm adamlarının qəzet haqqında məqalələri dərc olunub və qəzetin bütün fəaliyyətinə işıq salınıb.