Erməni vandalizminə UNESCO miqyasında xüsusi diqqət yetirildi

3 İyul 2019 08:45 (UTC+04:00)

Azərbaycan-UNESCO əlaqələri 25 ildən çoxdur ki, yaranıb və uğurla inkişaf edir. Bu sahədə tərkibi dövlət başçısı tərəfindən təsdiq olunmuş Milli Komissiya müvafiq nazirliklərin, dövlət və ictimai təşkilatların UNESCO ilə elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya sahələrində əməkdaşlığın həyata keçirilməsində əlaqələndirici rol oynayır, UNESCO-nun proqram və tədbirlərinin hazırlanmasında və reallaşdırılmasında Azərbaycan Respublikasının fəal iştirakını təmin edir, bu təşkilata üzv ölkələrin Milli komissiyaları ilə əlaqələri inkişaf etdirir və ölkəmizin mənafeyinə xidmət edən müştərək proqramlarda və tədqiqat işlərində iştirak edir. Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi Prezident İlham Əliyevin siyasətində önəmli yer tutur.

Ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında və genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xanım Mehriban Əliyevanın himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, gender bərabərliyi, təhsilin inkişafı və digər sahələrdə əhəmiyyətli layihələr həyata keçirilib. Məhz xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın 2 maddi və 13 qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb. 

2018-ci il iyunun 24-dən iyulun 4-dək Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası çərçivəsində Komitənin növbəti sessiyasının 2019-cu ildə Bakıda keçirilməsinə dair qərar qəbul edilib və ölkəmiz Komitənin sədri seçilib. Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur. Ümumdünya İrs Komitəsi tərəfindən dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edilir. 

Budur, zamanı gəlib və Bakıda UNESCO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biri olan Ümumdünya İrs Komitəsinin sessiyası keçiriliб. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi onun həm zəngin tarixə və mədəniyyətə sahib olmasını, həm də bu irsin qorunub saxlanılmasına verdiyi töhfələrin dünyada yüksək dəyərləndirildiyini nümayiş etdirir. UNESCO-nun baş direktorunun müavini Ernesto Toni Azərbaycanın mədəni irs nümunələrinin qəsbkarlar tərəfindən dağıdılması barədə danışarkən deyib: “Biz münaqişə tərəflərindən təhlükəsizliyi təmin etmələrini istəyirik. Belə olan halda UNESCO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər”. Onun sözlərinə görə, ekspert missiyasının keçirilməsi üçün şərtlər var: “Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bundan başqa, regionda tərəflərin iradəsi olmalıdır. Bu razılaşma olmazsa, UNESCO müdaxilə edə bilməz”.

Çox güman ki, işğalçı tərəf bu missiyanın yerinə yetirilməsinə hər cəhətdən mane olacaq. Çünki, önun barbarlığı üzə çıxar, dünya ictimaiyyətinin gözünə özünün mədəniliyi barədə kül üfürə bilməz. Amma bu çox vacib məsələdir. Çünki, həm tarixi, həm də müasir münasibətlər baxımından regionumuzda bir çox mətləblərin, həqiqətlərin üzə çıxarılmasında fundamental rol oynaya bilər. Ancaq mübarizə davam edir. Azərbaycan öz maddi-mənəvi mədəniyyətinin qorunması qayğısına qalır və çox keçməz işğaldan azad edəcəyimiz ərazilərin zəngin abidələri əsirlikdən qurtularaq dünya mədəni irsinin fonduna daxil edilər.

N.NOVRUZ