Azərbaycan dünyanın əsas diqqət mərkəzindədir

10 İyul 2019 07:45 (UTC+04:00)

Bu, bir həqiqətdir ki, bu gün Cənubi Qafqazda liderlik missiyasını Azərbaycan yerinə yetirir. Belə bir missiyanı əldə etmək çətin olduğu qədər də şərəfli və gələcək perspektivdə istiqamətləri müəyyənləşdirən başlıca amildir. Qafqazın əhali sayı və ərazisi etibarı ilə ən böyük dövləti olsa da, əslində Azərbaycan bu meyarlar üzrə dünya xəritəsinin kiçik dövlətidir. Amma dövlətçilik atributları və geosiyasi arzular və hədəflər sarıdan ölkəmiz mühüm əhəmiyyət daşıyan imicə malikdir. Regionda həyata keçirilən irili-xırdalı bütün siyasi və iqtisadi layihələrdə Azərbaycan adətən baş rola dəvət alır. Çünki, real imkanları, əməli fəaliyyəti, siyasi etibarlılığı və iqtisadi sanbalı ölkəni əsas missiyanı yerinə yetirməyə yönəldir.

Qərbə doğru Gürcüstandan başlayan, Türkiyədən keçərək inkişaf etmiş Avropaya, xüsusilə Mərkəzi və Şərqi Avropaya uzanan iqtisadi bağlantılar və əldə edilən faydalara görə xeyli sayda ölkə Azərbaycana minnətdardır. Qərbin son ucu ABŞ-a gedib çıxır ki, dünyanın ən güclü dövləti də Azərbaycanın qədir-qiymətini yüksək dəyərləndirir və ölkəmizlə iş birliyini artırmağa daim maraq göstərir. Təsadüfi deyil ki, indiyədək Birləşmiş Ştatlar Azərbaycan iqtisadiyyatına 14 milyard dollara qədər investisiya qoyub. Maraqlı odur ki, Azərbaycan da öz iqtisadi imkanları ilə ABŞ iqtisadiyyqtına 8 milyard dollardan çox yatırım edib. Belə bir gəlişmə böyük kiçikliyindən asılı olmayaraq dövlətlərarası iş birliyinə gözəl nümunədir.

Şimala doğru Rusiya, Ukrayna, Belarus və Baltikyanı dövlətlərlə tarixi əlaqələrin yeni qaydalar çərçivəsində genişlənməsi xarici iqtisadi əlaqələrimizin fəxri sayıla bilər. Asılılıqda müstəqilliyə tərəf çevrilən bu əlaqələr bütün sahələr üzrə dinamik minkişaf edir və suverenlik atributlarını qoruyur.

Cənuba doğru İran və ərəb dünyasına çıxış qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə inkişafını hədəfləyir. İranla birgə iqtisadi fəaliyyətin uğurları böyükdür. Maşınqayırma sənayesi, kənd təsərrüfatı sahəsi, səhiyyə və turizm bu istiqamətdə sürətlə irəliləyir.

Qərbə doğru Orta Asiya, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, xüsusilə dünyanın ən böyük istehsalına sahib olan Çin Xalq Respublikası ilə geniş əməkdaşlıq nümunələrinin yaradılması nəinki iqtisadi gəlir gətirir, həm də ölkəmizin siyasi nüfuzunu sürətlə artırır. Bu gün Azərbaycan Şərqlı Qərb arasında ən səmərəli körpü rolunu oynayır. Çin sənayesinin sürətlə artan məhsulları Azərbaycan üzərindən Avropaya daşınır. Beynəlxalq nəqliyyat dəhlizlərini bacarıqla yaradan Azərbaycan artıq qlobal nəqliyyat qovşağına çevrilib. Bunun sayəsində  bu ilin 6 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Çinlə həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın miqyası günbəgün genişlənir və perspektivi ölçüyəgəlməzdir. Təsadüfi deyil ki, Çinin Cənubi Qafqaz  regionu ilə olan ticarətinin 43%-i əsas ticarət tərəfdaşlarından olan Azərbaycanın payına düşür.

Bu günlərdə Sian çəhərindən Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Çinin ”Bir kəmər, bir yol" layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq sahəsində Sian-Bakı qatar yolu bu istiqamətdə atılan vacib addımlardandır. Sian-Bakı ilk blok qatarı 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Göründüyü kimi dövlətimizin apardığı nəqliyyat siyasəti və geostrateji siyasət qarşılıqlı faydalı əməkdaşlığa aparan istiqamət üzərində qurulub.

İqtisadi siyasətin uğurları Azərbaycanın geosiyasi məqsədlərinin həyata keçməsinə və ən çox da ərazi bütövlüyünün bərpasına ciddi şəkildə əsas hazırlayır. Birincisi, iqtisadi əlaqələr respublikamızın həqiqətlərini, Qarabağ münaqişəsinin köklərini dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı fəaliyyət sahəsi yaradır. İqtisadi sahədə etibarlı fəaliyyət həm də qarşılıqlı inamı möhkəmləndirir. Bu isə siyasi məqamlarda əksər vaxt həlledici rol oynayır. İnam isə müzakirələr zamanı siyasi nəticələrin ədalətli olmasına gətirib çıxarır. Yəni, münaqişənin həqiqi mahiyyətini bilən siyasilər Azərbaycanın haqq səsini eşidir və müdafiə edir. Bnu da öz növbəsində Qarabağın işğaldan azad edilməsinə aparan yolu gücləndirir. İndiyədək ermənilərin öz havadarları ilə birlikdə Azərbaycan ərazisində ikinci legitim erməni dövlətini yarada bilməmələrinin əsas səbəbi də budur. Azərbaycanın tərəfdaşları ədalətin bərpası yolunda fəaliyyətlərinə sadiqdirlər.

N.NOVRUZ