Bakıda «Azərbaycan 2020: inkişafın yeni hədəfləri» mövzusunda konfrans keçirilir - - YENİLƏNİB
5 May 2012 14:07 (UTC+04:00)
APA-nın
məlumatına görə, tədbirə Azərbaycan Prezidentinin
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət
rəsmiləri, millət vəkilləri qatılıblar.
Tədbiri açan YAP sədrinin müavini, partiyanın icra katibi Əli
Əhmədov bildirib ki, Azərbaycan qarşısına yeni hədəflər qoyub. Bu
hədəflər dövlət başçısı tərəfindən vahid strategiya formasında
müəyyənləşdirilib.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə çıxışında
deyib ki, Azərbaycan xalqı sınaqlarla dolu, təlatümlü mərhələlərdən
keçməli olub. Ötən əsrin 90-cı illərində yeni müstəqilliyini əldə
etmiş Azərbaycanda baş verən siyasi böhran, Ermənistanın təcavüzü
ölkədə ciddi problemlər yaradıb: "Mövcud hakimiyyət bu böhranı
aradan qaldırmaq iqtidarında deyildi. Ölkə xaosun içində özbaşına
buraxılmışdı. Azərbaycan unitar dövlət quruluşunu, müstəqilliyini
itirmə təhlükəsi ilə üz üzə qalmışdı. Heydər Əliyevin hakimiyyətə
qayıdışı məhz belə təlatümlü dövrə təsadüf edirdi".
H. Əliyevin hakimiyyətə gəlişi və onun fəaliyyəti barədə danışan R.
Mehdiyev bildirib ki, Azərbaycanın suverenliyinin qorunub
saxlanılması, uğurlu daxili və xarici siyasətin aparılması, ölkənin
beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, investisiyaların
cəlbinə şərait yaradılıb: "Beynəlxalq güclərin regionda kəsişən
maraqlarının uzlaşdırılması Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində mümkün oldu".
Azərbaycanın bir çox parametrlər üzrə inkişaf edən ölkəyə
çevrildiyini deyən R. Mehdiyev əlavə edib ki, ötən 8 ildə ölkədə 40
mindən artıq müəssisə yaradılıb, 1 milyona yaxın iş yeri açılıb.
Büdcə xərcləri 12 dəfə artıb, ölkə iqtisadiyyatına 80 mlrd.
dollardan artıq investisiya yatırılıb. Dünyanın 149 ölkəsi ilə
xarici ticarət dövriyyəsi 36,3 mlrd. dollar təşkil edib.
"Bu uğurun nəticəsi olaraq 2008-2009-cu illərin qlobal maliyyə
böhranı Azərbaycandan yan keçib. Bu böhran dövründə Azərbaycan
iqtisadiyyatı dayanıqlıq göstərib" deyən R. Mehdiyevin sözlərinə
görə, hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə
MDB-də birinci, dünyada 51-cidir.
R. Mehdiyev qeyd edib ki, Azərbaycan artıq dünyada
mədəniyyətlərarası dialoqun məkanı kimi tanınır, enerji
təhlükəsizliyi sahəsində aparıcı söz sahibinə çevrilib: "Bu gün
sürətlə dəyişən, sürətli təzahürləri ilə qloballaşan dünyada son
dərəcədə mürəkkəb proseslər baş verir. Bütün bunlar mili inkişaf
üçün yeni konsepsiyanın yaradılmasını qarşıya qoyur. Azərbaycanın
2020-ci ilədək dövrü əhatə edəcək inkişaf konsepsiyası bu baxımdan
mühüm sənəddir. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən
maliyyə-iqtisadi böhran, qlobal dəyişikliklər fonunda Azərbaycanın
mili maraqlarını qorumadır".
R. Mehdiyev deyib ki, Azərbaycanın 2020-ci il konsepsiyası üzərində
iş gedir. Dövlət qurumları, vətəndaş cəmiyyəti prosesə cəlb olunub.
Konsepsiyanın əhatə edəcəyi 8 ildə Azərbaycanın siyasi, iqtisadi,
hərbi qüdrətinin artırılması nəzərdə tutulur. Azərbaycanın
beynəlxalq siyasi səviyyədə fəaliyyətinin gücləndirilməsi, ərazi
bütövlüyünün təmini, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-dövlət
sektorunun inkişafı, iqtisadiyyatda təbii ehtiyatlar amilinin
azaldılması, əhalinin sosial şəraitinin yaxşılaşdırılması,
humanitar sahədə mədəniyyətin, idman və s. sahədə tədbirlərin
həyata keçirilməsi konsepsiyada əksini tapacaq.
Tədbir davam edir.