Rusiya və NATO yenə Azərbaycanı seçdi

11 İyul 2019 08:11 (UTC+04:00)

Azərbaycanın sürətli inkişafla qısa zaman kəsiyində uğur qazanması, qaynar bir regionda asayişin və təhlükəsizliyin qorunmasının başlıca prinsiplərinə nail olması dünya dövlətlərinin diqqət mərkəzindədir. Torpaqlarının 20 faizinin işğal altında olması səbəbilə müharibə şəraitində yaşayan dövlətimizdə sabitlik və firavanlıq inkişafımızın əsas alibidir. Bununla yanaşı, Azərbaycanın, böyüklüyündən yaxud kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə dil tapıb dostluq əlaqələri qurması, qarşıya çıxan siyasi problemlərin həllində optimal variantları tapması dünyanın mövcud siyasi durumunda maraqlı  təsir bağışlayır. 

Qazanılan uğurlarda Azərbaycanın lideri Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi balanslı siyasətin rolu böyükdür. İlham Əliyevin 16 illik rəhbərliyi dövründə Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirib, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verib.
NATO qüvvələri ilə birgə sülhməramlı tədbirlərdə iştirak etmək, ölkənin silahlı qüvvələrini NATO standarlarına uyğunlaşdırmaqla müasirləşdirmək və eyni zamanda öz döyüş təcrübəsi ilə seçilən Rusiya ordusunun bölmələri ilə fikir mübadiləsi etmək, bu ölkənin ali hərbi məktəblərində təhsil almaq Azərbaycan rəhbərliyi tərəfindən yaxşı tarazlaşdırılır. Tarazlaşdırma adətən barışdırıcılıq missiyasının birinci mərhələsi sayılır. Bu mənada Bakı sülhsevərlik missiyasının daşıyıcısı rolunda çıxış edir. Və təsadüfi deyil ki, Qərb və Rusiya generalları son 3 ildə artıq 4-cü dəfədir ki, paytaxtımızda görüşürlər.  
2017-ci il fevralın 18-də Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordun Bakıda görüşü keçirilib. Bu mühüm görüş üçün niyə məhz Bakının seçilməsinin səbəbi haqda o vaxt “Nyu York Times” qəzeti məlumat vermişdi. ABŞ-ın rəsmi hərbi dairələrinə istinadən qəzetin yazdığına görə  görüş yerinin seçimi asan olmayıb: Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib. Görüşdə tərəflər müxtəlif məsələlər, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi müzakirə edilib.
2017-ci ilin sentyabrında isə Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib və bu görüşlə ölkəmizin dünyadakı nüfuzu və oynadığı rolun əhəmiyyəti artıb.
Belə görüşlərdə müxtəlif məsələlər, o cümlədən ABŞ və digər Qərb ölkələri ilə Rusiya arasında hərbi əlaqələrin mövcud durumu və potensial böhranların qarşısının alınması üçün hərbi idarələr arasında ardıcıl və dəqiq kommunikasiya məsələləri, hərbi dialoqun yenilənməsi, olduqca gərgin olan Rusiya-NATO münasibətləri, Rusiya-ABŞ münasibətləri, Suriya ətrafında və Yaxın Şərqdəki böhran kimi məsələlər diqqətdə saxlanılıb. Azərbaycan prezidentinin generallarla görüşlərində isə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün tərəflərin təklifləri müzakirə mövzusu olur.
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali baş komandanı general Tod Uolters in indiki gərgin geosiyasi vəziyyətdə Rusiya ordu komandanı ilə görüş üçün Bakını seçməsi Azərbaycanın regiondakı siyasi-coğrafi mövqelərindən, hər iki qarşı duran güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Üstəlik, Azərbaycan hərbi alyanslardan heç birinin üzvü deyil. Məhz hərbi bloklara qoşulmaması, daim sülh və sabitlik uğrunda çalışması ölkəmizin müstəqilliyini və bitərəflik missiyasını gücləndirir. Bu amil dünyada nüfuz dairəsi uğrunda mübarizə aparan qüvvələr üçün optimal müzakirə yeridir. Belə görüşlərdə generallar hansısa lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparır. Ekspertlər və siyasətçilərin diqqətini də daha çox məhz bu məqam çəkir və qeyd olunur ki, iki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilməsi o deməkdir ki, geosiyasi proseslərin dinamikasında Azərbaycan daha böyük önəm kəsb etməyə başlayıb. Bu səbəbdəndir ki,  Qafqaz regionunda etibarlı ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqam regional və qlobal siyasətdə Bakının rolunun artmasının da real təsdiqidir.

Azərbaycan hər iki tərəf üçün bitərəf ölkə sayılır. Bu, həm də Azərbaycanın yerləşdiyi coğrafi mövqeyinə görədir. Azərbaycan hər iki tərəfin maraq dairəsində olan məkandır. Məlumdur ki, Yaxın Şərqdə Qara Dəniz hövzəsində, Şərqi Avropa məkanında mürəkkəb proseslər gedir. Həmin regionlarda da NATO ilə Rusiya aparıcı tərəflərdir, ancaq maraqları üst-üstə düşmür. Azərbaycan isə göstərilən regionlara yaxın və neytral ölkədir. Bundan başqa, Bakıda yüksək səviyyəli görüşlərin təmin olunmasında təhlükəsizlik problemi yoxdur. Bunların da hamısı şərtdir. Azərbaycan bununla artıq neçənci dəfədir ki, görüş yeri seçilir. Bu, həm Azərbaycanın artan siyasi potensialından xəbər verir, həm də regionda artan rolundan irəli gəlir. Zəif, qeyri-mühüm ölkədə belə səviyyəli görüşlər keçirilməz. Eyni zamanda təhlükəsizlik zəmanəti verməyən ölkdə belə görüşlərin keçirilməsi mümkün olmazdı. Bunların hamısı vacib şərtdir. Nəticə etibarı ilə belə görüşlər Azərbaycanın geosiyasi potensialını gücləndirməyə imkan verir, gələcəkdə bu regionda daha aktiv rol oynamasına şərait yaradır.
N.NOVRUZ